Xəbər verdiyimiz kimi, ölkə başçısının 12 fevral tarixli fərmanı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun əsasında “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxs yaradılıb, “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin Nizamnaməsi” təsdiq edilib. Həmçinin, Prezident İlham Əliyevin sərəncamı ilə Əhməd Məhəmməd oğlu İsmayılov Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru təyin edilib.
Medianın İnkişafı Agentliyinin yaradılması mətbuata hansı töhfələr verəcək?
Mövzu ilə bağlı “İki sahil” qəzetinin baş redaktoru, Azərbaycan Respublikasının Əməkdar jurnalisti Vüqar Rəhimzadə Sonxeber.az-a danışıb:
“Azərbaycanın ictimai-siyasi həyatının bütün sahələrində olduğu kimi, mətbuatda da zamanın və dövrün tələblərinə uyğun təkmilləşmə uğurla həyata keçirilir.
Medianın İnkişafı Agentliyinin yaradılmasını milli mediamızın tarixində yeni inkişaf mərhələsinin başlanğıcı hesab etmək olar.
Artıq Medianın İnkişafı Agentliyi kifayət qədər fundamental işlər görməyə başlayıb. Bu işlər bütün medianı və daha geniş sahəni əhatə edən işlərdir. Hesab edirəm ki, yeni qurum bir agentlik kimi artıq medianın inkişafına töhfələr verməyə başlayıb.
Məsələn, elan etdiyi fərdi yazı müsabiqələri kifayət qədər geniş spektrı əhatə edir. Bu, çox vacib şərtlərdən biridir. Şübhəm yoxdur ki, bu agentlik fəaliyyət dövründə mətbuatın inkişafına kifayət qədər mühüm töhfələr verəcək və mətbuatın yaxşı mənada formalaşmasına, iqtisadi durumunun yaxşılaşmasına müsbət təsirini göstərəcək”.
Aysel Səmədli







