Hazırda Ukrayna ilə Rusiya Federasiyası arasında danışıqlar prosesi dayandırılıb.
Platform4.news xəbər verir ki, bu barədə prezident aparatının rəhbərinin müşaviri Mixaylo Podolyak mediaya şərhində bildirib.
“Obyektiv desək, danışıqlar prosesi həqiqətən də fasilədədir. Niyə? Bir neçə səbəb var. Rusiya əsas olanı – dünyada baş verən bugünkü prosesləri və onun son dərəcə mənfi rolunu dərk etməyi nümayiş etdirmir”, – o deyib.
İkincisi, onun fikrincə, Rusiya başa düşmür ki, hər hansı bir mənada müharibə artıq Rusiya Federasiyasının qaydaları, qrafiki və ya planları ilə getmir, əksinə Ukraynanın peşəkar müqaviməti daha da artır.
Podolyak əmindir ki, Rusiya qarşıya qoyduğu məqsədlərin heç birinə nail olmayacaq.
Prezident Aparatı rəhbərinin müşaviri vurğulayıb ki, rusiyalı siyasətçilər öz təbliğatının elementi kimi danışıqları yalnız daxili istehlak üçün davam etdirməyə üstünlük verirlər, buna görə də ictimai məkanda rusların danışıqlarla bağlı şantaj xarakterli şərhləri eşidilir.
“Və nəhayət, ən əsası. Rusiya tamamilə beynəlxalq iqtisadi sanksiyaların bütün paketlərini hərəkətdə görmək və nəhayət, öz ordusunun əsl “döyüş qabiliyyətini” anlamaq, eləcə də reputasiyasının qalıqlarını itirmək istəyir. Bu, məncə, rusların strateji məqsədidir: ya hamısı, ya heç nə. Ona görə də bu ekssentrik “imperiyanın” süqutuna müdaxilə etməyin mənası yoxdur”, – Podolyak bildirib.
Onun fikrincə, bu gün biz heç də Ukrayna nümayəndə heyətinin danışıqlar prosesindən “çəkilməsi və ya getməməsi” haqqında deyil, sadəcə hazırkı mərhələdə məqsədəuyğunluq və konkretlikdən danışırıq.
“Konkretliklər olacaq – siyasi danışıqlar davam etdiriləcək”, – deyə dövlət başçısının aparat rəhbərinin müşaviri əlavə edib.







