ABŞ-ın maliyyə naziri Canet Yellen Avropa liderlərini Rusiyanın təcavüzü fonunda Ukraynaya maliyyə yardımını artırmağa çağırıb.
Platform4.news ABŞ Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, o, bunu Brüssel İqtisadi Forumu 2022-də bildirib.
“Mən səmimi olaraq bütün tərəfdaşlarımızdan Ukraynaya maliyyə dəstəyini artırmaqda bizə qoşulmağa çağırıram. Bizim birgə səylərimiz Ukrayna demokratiyasının Putinin təcavüzünə qalib gəlməsi üçün çox vacibdir”, – Yellen bildirib.
O, bir neçə ay ərzində vergi yığımı sistemi bərpa olunana qədər Ukraynanın əsgərlərə, işçilərə maaş vermək, pensiyaları ödəmək, habelə vətəndaşların əsas ehtiyaclarını ödəyən iqtisadiyyatı idarə etmək üçün büdcə vəsaitinə ehtiyac duyacağına diqqət çəkib.
“Mümkün olan ən qısa müddətdə Ukrayna kritik rabitə və xidmətləri bərpa etməli olacaq. Nəhayət, Avropanın 1945-ci ildən sonrakı bərpa planı kimi Ukraynanın yenidən qurulması üçün kütləvi dəstəyə və özəl investisiyalara ehtiyacı olacaq. Ukrayna bunu addım-addım atmalı olacaq, lakin biz bu gün kömək edə bilərik. Aydındır ki, artıq elan edilmiş ikitərəfli və çoxtərəfli dəstək qısa müddətdə belə Ukraynanın ehtiyaclarını ödəmək üçün kifayət etməyəcək”, – Yellen bildirib.