Əfqanıstanın paytaxtı Kabildə Həmid Kərzayi Beynəlxalq Hava Limanının istismarı və təhlükəsizliyi ilə bağlı Türkiyə və ABŞ arasında danışıqlar davam edir.
Rusiyanın hərbi “Warfiles” saytında bölgədəki güc nisbətinin Türkiyənin xeyrinə dəyişdiyi vurğulanan bir məqalə dərc olunub.
Məqalədə qeyd edilib ki, Ankaranın ABŞ, Rusiya və digər Qərb dövlətləri ilə müqayisədə bölgədə həm tarixi, həm də Türk-İslam ortaq əlaqələri sayəsində daha çox üstünlüyü var: “Ədalətli olmaq üçün deyə bilərik ki, Qərbdə də Ərdoğanın buradakı müvəffəqiyyətinə inanan çox sayda mütəxəssis var. Türkiyənin yeni hədəfi Əfqanıstan kimi görünür. Bu dəfə fərqli olan Türkiyənin təşəbbüsünün Qərb dövlətləri tərəfindən də dəstəklənməsidir. Əslində, təkcə Qərb yox, Pakistan, Qətər və SSRİ-nin dağılmasından sonra qurulan bir çox bölgə ölkəsinin də bu məsələdə Türkiyəyə dəstək verəcəyi açıq həqiqətdir. Ərdoğanın özünü “Böyük Turan” layihəsinin təşəbbüskarı kimi göstərdiyini nəzərə alaraq, Türkiyə NATO-nun çıxmasından sonra Əfqanıstandakı boşluğu doldurmaq istəyir və özünü bu ölkənin yeni müdafiəçisi kimi təqdim edir”.







