Beynəlxalq Qarabağ Forumu (BQF) Koordinasiya Şurasının növbəti iclası keçirilib.
QAT sədri, BQF koordinatoru Akif Nağının moderatorluğu ilə keçən iclasda ötən bir ay ərzində müxtəlif ölkələrdə görülən işlərlə bağlı, o cümlədən Anım Günü ilə bağlı keçirilən tədbirlərə dair müxtəlif ölkələrin təmsilçiləri məlumat verdilər.
Sonra bir sıra aktual məsələlər müzakirə olundu, xüsusi olaraq noyabr ayında keçiriləcək “Arsak: tarix və müasirlik” mövzusunda keçiriləcək beynəlxalq elmi- praktiki konfransa hazırlıqla bağlı məsələ müzakirə olundu. Müzakirələrin gedişində göstərildi ki, müxtəlif ölkələrdən bu mövzuda məqalələr artıq redaksiya heyətinə daxil olur, məqalələrin üç dildə, Azərbaycan, ingilis, rus dilində çap olunması nəzərdə tutulur. Konfransın keçirilməsi, formatı, materialların çap olunması ilə bağlı təkliflər dinlənilib, qərarlar qəbul olunubdur.
Müzakirələrdə tarix doktoru, dosent Boran Əziz (Azərbaycan), tarix araşdırmaçısı Ziya Zakir Acar(Türkiyə), tarix elmləri doktoru, professor Fərhad Turanlı(Ukrayna), diaspor rəhbəri İradə Əliyeva (İsveç), tarix doktoru, dosent Akif Nağı(Azərbaycan), iqtisad elmləri doktoru, professor Kərəm Karabulut (Türkiyə), texnika elmləri doktoru, professor Kamran Rüstəmov(Rusiya), politoloq Qulu İbrahimov (Ukrayna), diaspor rəhbəri Kənan Hacıəkbəroğlu (İsveç), tarix elmləri doktoru, professor Qasım Hacıyev(Azərbaycan), tarix araşdırmaçısı Sözer Akyıldırm(Türkiyə), tarix doktoru, dosent Gürsoy Solmaz(Türkiyə) və digərləri çıxış edib təkilflərini veriblər.
A.Nağı mətbuat üçün açıqlamasında bildirib:“Arsak sözü ilə bağlı Azərbaycan cəmiyyətində birmənalı fikir yoxdur. Bəziləri yanlış olaraq bu addan imtina olunmasını təkilf edirlər. Amma biz özümüzə məxsus heç nədən imtina etməli deyilik. Tarixi araşdırmalar aydın şəkildə göstərir ki, Arsak sözü də, yerləşdiyi ərazi də bütün tarix boyu yalnız Azərbaycana və azərbaycanlılara məxsus olubdur. Qəribə bir situasiya da var ki, Ermənistanda Azərbaycan tədqiqatçılarının Arsak sözündən istifadə etməsini qısqanclıqla qarşılayr, sosial şəbəkələrədə müəyyən fikirlər bildirirlər ki, guya bu ad ermənilərə məxsusdur və azərbaycanlıların bu ifadəni işlətməsinə etiraz edirlər. Bu bir daha göstərir ki, məsələyə aydınlıq gətitrlməli, bunun üçün isə konfransların keçirilməsi, digər tədbirlərin keçirilməsinə, maarfləndirmə işlərinin aparılmasına ehtiyac var. Və bizim keçirəcəyimiz konfrans da məhz bu məqsədə xidmət edir”.







