Qarabağ Azadlıq Təşkilatı (QAT) bu gün VI (yenidən təşkil) qurultayı keçirib.
Bakı şəhəri Badamdar qəsəbəsinin Mədəniyyət Evində keçirilən qurultayda QAT-ın bazasında Azad Vətən Partiyası təsis edilib.
Qurultayda məruzə ilə çıxış edən QAT sədri Akif Nağı bildirib ki, adla bağlı uzun müddət müzakirələr aparıldıqdan sonra “Azad Vətən Partiyası” üzərində dayanıblar.
Qurultayda Akif Nağı səsvermə yolu ilə partiyanın sədri seçilib. Novruz Novruzov partiyanın Siyasi Şurasının sədri seçilib. Tədbirdə qurumun proqram və nizamnaməsi də qəbul edilib. Sənədlərin Ədliyyə Nazirliyinə təqdim edilməsi qərara alınıb.
Bununla bağlı Cebhe.info-ya açıqlama verən Akif Nağı bildirib ki, Qarabağ Azadlıq Təşkilatının qarşısına qoyduğu vəzifələr dövlət, xalq və ordu tərəfindən yerinə yetirilib:
“2020-ci ilin İkinci Qarabağ müharibəsində bu məsələlərin çoxu həll olundu. Qarabağın böyük əksəriyyəti işğaldan azad olundu və yerdə qalan hissələrlə bağlı da razılıq var, onlar da boşaldılacaq. Ona görə də təşkilatımızın adının dəyişdirilməsi və ya ləğv olunması ilə bağlı İkinci Qarabağ müharibəsindən sonra söhbətlər gedirdi və bizə müraciətlər olurdu. Uzun müzakirələrdən sonra qərara gəldik ki, partiyaya çevrilək. Əvvəl fikirləşirdik ki, Qarabağ Azadlıq Təşkilatını ləğv edək, sonra partiya yaradaq. Amma sonra qanunvericiliklə tanış olduqda gördük ki, orada ictimai qurum yenidən təşkil olunaraq başqa bir quruma çevrilə bilər. Onun əsasında Qarabağ Azadlıq Təşkilatının yenidən təşkil olunaraq partiyaya çevrilməsinə qərar verdik. Hesab edirik ki, partiyanın fəaliyyət göstərmək imkanları daha genişdir. Biz adi bir QHT olmamışıq, ictimai-siyasi hərəkət olmuşuq. Sadəcə olaraq, ictimai-siyasi hərəkətlərlə bağlı qanun olmadığına görə QHT olaraq fəaliyyət göstərmişik. Bizim qarşımıza qoyduğumuz məsələlər həllini tapıb. Artıq adi bir QHT kimi bir layihə üzərində işləmək bizi qane etmirdi”.
A.Nağı hədəflərinin seçkilərdə iştirak etmək olduğunu vurğulayıb:
“Parlamentdə və bələdiyyələrdə iştirak etmək vacib məsələlərdir. Həm tam qələbə dediyimiz Qarabağla bağl yerdə qalan məsələlərin həll olunması istiqamətində çalışacağıq. Yəni Xankəndi, Xocavənd, Xocalı və Ağdarə işğaldan tam azad olunmalıdır. Həmçinin, ermənilərin saxtakarlıqları ilə bağlı fəaliyyətimiz olacaq. Çünki onlar Azərbaycanın tarixini, yer adlarını və musiqisini saxtalaşdırıblar. Hətta onların yalanları ilə bağlı bizim “Artsax: Tarix və Müasirlik” adlı kitabımız yaxın günlərdə çap olunacaq. Yəni bütün bunlara qarşı mübarizə aparacağıq. Eyni zamanda normal bir partiya kimi Azərbaycan cəmiyyətini narahat edən bütün məsələlər bizim gündəmimizdə olacaq. Bizim hər bir istiqamətdə proqramlarımız olacaq və həll yollarını göstərəcəyik. Bununla yanaşı, siyasi qüvvə kimi parlamentə nümayəndələrimizin seçilməsi üçün çalışacağıq”.
Elmir
Cebhe.info







