Açar sözlər: süni intellekt, rəqəmsal texnologiya, numizmatika, pasport-proqram, Azərbaycan
Müasir dövrümüzdə texnikanın sürətli inkişafı sayəsində əldə olunan bir sıra nailiyyətlər süni intellektin bir sıra sahələrdə (riyaziyyat, tibb, inşaat, sosial, sosial-ictimai elmlər və d.) tətbiqini aktuallaşdırır.
Məqalədə müasir dövrümüzdə Azərbaycanda sikkələrin numizmatik təyinatı, xarici ölkələrdə “Süni intellekt” mövzusunda zərb edilmiş sikkələr barədə məlumatlar verilmiş, ilk dəfə olaraq Azərbaycan numizmatikasında süni intellektin tətbiqi ilə əlaqədar təklif irəli sürülmüşdür. Məqalədəki fikir və nəticələrin müzakirə yaradacağına ümid edirik.
Süni intellekt nədir? İnsan maraqlarına xidmət edən zəruri məsələləri həll etmə, aldığı məlumatı qavrama qabiliyyətinə malik olan sistemə və ya texnoloji irəliləyişə – “süni intellekt” (Sİ, ing. “artificial intelligence” – Aİ) deyilir [19].
Müasir dövrümüzdə Sİ sistemləri texnologiya və biznesdə əsaslı irəliləyişə səbəb olmuşdur. Sürücüsüz avtomobillər, elektronlaşdırılmış tibbi diaqnostika vasitələri və avtomatlaşdırılmış təsərrüfat üsullarının istehsalatda tətbiqi buna parlaq misallardır. Məhz Sİ texnologiyalarının inkişafı və rəqəmsal məlumatlardan kütləvi istifadə nəzəri tədqiqatlar çərçivəsindən çıxmağa və dünya bazarında inqilabi cevrilişə səbəb ola bilər.
Hava durumu haqqında dəqiq məlumatları müəyyən etmə, məhsuldarlığın artımı, xərçəng xəstəliklərinin qeydiyyatı, gözlənilən epidemiyalar barədə öncədən xəbər vermə, hətta pyes yazmağa qadir Sİ sistemləri bir-biri ilə əlaqəsi olmayan milyardlarla sahələr arasında bağlantı yarada bilir.
İnsan dərrakəsini anlamağa və yaradıcı işləri icra etməyə qadir olan qabaqcıl kompyuter proqramları hazırda adi şahmat oyununda insana qalib gəlsə də, bir sıra suallara cavab vermə bacarığına malik deyil.
“Süni intellekt” anlayışının yaranma tarixi. XX əsrin yarısında – Alan Tyurinq (1912-1954; İngiltərə, riyaziyyatçı alim, məntiqşünas), Con Mak Karti (1927-2011; Amerika, informatika alimi, proqramçı) fikirləri və tədqiqatları yeni elmi istiqamət olan Sİ anlayışına maraq yaratmışdır [20].
Müasir dövrümüzdə Nyu-York, Toronto, London, Sürix və Pekin şəhərlərində beşinci Sİ elmi-tədqiqat mərkəzləri fəaliyyət göstərir [12].
Rusiyada bu sahəyə maraq Semyon Korsakovun (1787 – 1853) tədqiqatları ilə yaranmış [14], daha sonralar isə Mixail Tsetlin (1924 – 1966), Valentin Turçin (1931 – 2010), Dmitri Pospelov (1932 – 2019) və d. fəaliyyəti ilə davam etmişdir.
2019-cu ildə Rusiya prezidenti Vladimir Putinin sədrliyi ilə keçən Rəqəmsal İqtisadiyyatın İnkişafı Toplantısında “Süni intellektin milli strategiyasının hazırlanması Qərarı” qəbul edilmişdir. Növbəti ildə isə bu sahə ilə əlaqədar Milli layihə hazırlanmışdır [16].
Azərbaycanda süni intellekt sistemlərinin riyazi modelləri, alqoritmləri və proqram təminatının elm və texnikada istifadəsi ilə əlaqədar bir sıra layihələr tərtib edilmiş və həyata keçirilmişdir.
Sİ sahəsində qeyri-səlis məntiq nəzəriyyəsinin ilk banisi, görkəmli alim Lütfi Zadənin (1921 – 2017) kəşfləri həm Azərbaycanın, həm də bəşəriyyətin inkişafına yönəlmişdir. Dünyanın ən məşhur şirkətləri (Hitachi, Matsusita, Mitsibishi, Sharp, Nissan, Canon, Fuji, Sanyo, Daewoo) onun elmi ideyalarından bəhrələnmişlər [8].
Ötən ilin iyun ayında Azərbaycan Respublikası Prezidenti, cənab İlham Əliyev ilə Microsoft-un vitse Prezidenti arasındakı video zəngdə “2021-2025-ci illər üçün Süni İntellekt üzrə Milli Strategiya”nın hazırlanması məsələsi müzakirə edilmişdir [9].
Yerli mütəxəssislərimiz bu sahənin inkişafına öz töhfələrini vermişlər.
Spesifik sahələrdə Sİ tətbiqi və hüquqi əsasları ilə əlaqədar bir sıra təkliflərin müəllifi olan Elektron Hökumətin İnkişafı Mərkəzinin direktoru Fariz Cəfərov 2019-cu ildə Avropa Şurasının Nazirlər Komitəsinin Sİ üzrə Komitəsinin Bürosunun müşahidəçi üzvü seçilmiş [3], hazırkı il keçirilən “Rəqəmsal idarəetmədə süni intellekt” adlı beynəlxalq konfransda məruzəçi qismində iştirak etmişdir [10].
Elektron Hökümətin İnkişafı Mərkəzinin “Proseslərin analizi və auditi üzrə müşavir, Prezident mükafatçısı, “Süni intellekt” üzrə doktorant Günay Kazımzadə 2018-ci ildə Google şirkətinin xanımlar üçün təsis etdiyi Qrantın ilk azərbaycanlı qalibi olmuş, 2019-cu ildə Almaniyann Federal Təhsil və Tədqiqat Nazirliyi, İnformatika Cəmiyyəti tərəfindən süni zəka sahəsində “İlin gənc tədqiqatçısı” adına layiq görülmüşdür.
Data keyfiyyəti, qərəzlilik və aydınlatma alqoritmləri üzrə tədqiqatların, Sİ üzrə bir sıra vorkşoplar və təkliflərin müəllifi olan olan G.Kazımzadə Sİ-in məktəblilərdə yaranması və inkişafı üçün ilk növbədə riyazi fənnlərə diqqət yetirməyi və proqramlaşdırmanı öyrənməyi məsləhət bilmiş, Sİ-in sürətli inkişafının yeni biznes modellər və innovasiyalar üçün zəmin yaratdığını vurğulamışdır [11].
Ötən il Microsoft korporasiyası Azərbaycan Təhsil Nazirliyi ilə süni intellekt sahəsində əməkdaşlığa başlamış, məhkəmə fəaliyyətində Sİ tətbiqi ilə əlaqədar təkliflər beynəlxalq konfransda müzakirə edilmiş [7], hazırkı il “ATL Tech” şirkəti nəzdində fəaliyyət göstərən Süni İntellekt Laboratoriyası əməkdaşlarının məqaləsi beynəlxalq jurnalda dərc edilmişdir [6].
2019-cu ilin göstəricilərinə görə Sİ tətbiqini əks etdirən qlobal kodeksdə Sinqapur, Almaniya, Böyük Britaniya, ABŞ və Finlandiya ilk beşlikdə, Azərbaycan isə 64-cü yerdə olmuşdur. Cənubi Qafqazın digər ölkələri ilə müqayisədə bu sahədə ölkəmiz öz liderliyini qoruyub saxlamaqdadır [4].
Hazırkı il Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin magistratura pilləsində “Süni İntellekt mühəndisliyi” proqramının tədrisi nəzərdə tutulmuşdur [5].
Xarici ölkələrdə zərb edilən “Süni intellekt”ə həsr edilmiş sikkələr. Yeni texnologiyaların və elmi nailiyyətlərin təcrübi əhəmiyyətini numizmatik faktlarda əbədiləşdirmək üçün son illərdə bir sıra xarici ölkələrdə Sİ mövzusunda sikkələr zərb edilmişdir.
2016-cı ildə Polşada “Gələcəyin kodu” seriyasından olan 2 dollar nominallı “Süni intellekt” adlanan gümüş sikkə (diametri – 50 mm; çəkisi – 62,2 q; tirajı – 500 ədəd; 15), 2019-cu ildə İsveçrədə 100 denari nominallı gümüş sikkə (diametri – 38,6 mm; çəkisi – 28,28 q; tirajı – 7000 ədəd; 18), 2019-cu ildə Avstriyada 25 avro nominallı gümüş və niobidən sikkə zərb edilmişdir (diametri – 34 mm; çəkisi – 16,5 q; tirajı: 65 000 ədəd; 13).
Azərbaycan sikkələri. Azərbaycan sikkələri iki min ildən artıqdır ki, bizim milli dövlətçilik tariximizi müşayiət edir və siyasi, iqtisadi və tarixi səhifələri işıqlandırır.
Yer kürəsində ən qədim oturaq həyat mərkəzlərindən biri olan Azərbaycanın əlverişli iqlim şəraiti burada metal pulların – sikkələrin zərbi işinin yaranması və inkişafına müsbət təsir göstərmişdir. Azərbaycanın Avropa ilə Asiya ölkələrinin qovşağında yerləşən beynəlxalq karvan yollarının qovşağında yerləşməsi xarici ticarət əlaqərinə müsbət təsir göstərmişdir.
Azərbaycan hökmdarları müxtəlif tarixi zaman mərhələlərində geniş ərazili imperiyalar yaratmış və öz adlarını Azərbaycan şəhərlərində (Qəbələ, Bərdə, Gəncə, Bakı, Naxçıvan, Şamaxı, Şəki və d.) zərb edilən sikkələrə həkk etdirmişlər [2, s. 10].
Azərbaycanda yerli sikkə zərbi eramızdan əvvəl III əsrdən etibarən başlamış və XIX əsrin I rübünə qədər davam etmişdir [2, s. 38, 264].
Azərbaycanda numizmatika elminin yaranması tarixi. Şərqdə ilk müsəlman respublikası olan Azərbaycan Cumhuriyyəti (1918 – 1920) və 1919-cu ildə ilk ali təhsil müəssisəsi – Bakı Universiteti yaradıldıqdan sonra Azərbaycan sikkələrinin öyrənilməsi üçün şərait yaradılmışdır. Bu işin təməlini kolleksiyaçı, AMEA-nın müxbir üzvü, t.e.d., professor Yevgeni Paxomov (1885-1965) qoymuşdur. Həm pedaqoji, həm də elmi fəaliyyəti ilə Azərbaycanda aşkar edilən və zərb olunan sikkələri tanıdan alim hazırkı AMEA Milli Azərbaycan Tarixi Muzeyində ilk numizmatika kabinetini yaratmışdır.
Alimin vəfatından sonra və hazırkı dövrədək bu işi onun ardıcılı olan 93 yaşlı t.e.d., professor Əli Rəcəbli davam etdirir. Professor Əli Rəcəblinin rəhbərliyi ilə bu sahə üzrə 3 numizmat alim namizədlik dissertasiya işlərini müdafiə etmiş, onun müəllifliyi ilə bir sıra numizmatik əsərlər nəşr edilmişdir [1, s. 462]
Azərbaycan Respublikası ərazisində müntəzəm olaraq istər arxeoloji qazıntılar zamanı, istərsə də təsadüfən numizmatik faktlar – sikkələr aşkarlanır. Belə tapıntıların ən böyük qismi hazırda Bakı şəhərində yerləşən, bir əsrlik tarixi yolu qət etmiş Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyinin Numizmatika Fondunda qorunur. Ölkəmizin bir sıra tarix-diyarşünaslıq muzeylərində, həmçinin şəxsi kolleksiyalarda da belə faktiki tapıntılar saxlanılır. Bəzi web-səhifələrdə belə artefaktlar işıqlandırılmaqla yanaşı həm də alqı-satqısı həyata keçirilir. Bir sıra nadir sikkələrin qeyri-peşəkar şəxslər tərəfindən əldə olunması onların qənaətbəxş olmayan nəticələrlə təqdim edilməsinə yol açır və respublikamızdan kənara çıxmasına səbəb olur.
Azərbaycanda sikkələrin müasir təyinatı və tədqiqat metodları. Respublikamızda tarixə köməkçi fənn hesab edilən – “numizmatika” sahəsi üzrə elmi dərəcə və ada layiq görülən mütəxəssislər azsaylıdır (5-dən artıq). Məlum olduğu kimi, numizmatik təyinatı bacarmaq bu sahənin ən vacib məqamıdır. Yalnız düzgün və savadlı numizmatik biliyə malik olan şəxslər sikkəyə nəzər saldıqları an onun xarici görünüşünə əsasən düzgün fikir söyləyə bilirlər.
Müasir dövrümüzdə aşkarlanan sikkələr zərurət olduğu halda müəyyən təmizlənilmə prosesi keçdikdən sonra təyinat üçün numizmat-mütəxəssisə təqdim olunur. Daha sonra həmin sikkənin metroloji göstəriciləri (çəkisi, diametri, hündürlüyü) müəyyən edilir. Müasir dövrümüzdə elektron tərəzilər vasitəsilə çəki, xəttkeş vasitəsilə sikkənin ən uzun və ən qısa diametri, həmçinin hündürlüyü müəyyən edilir. Xatırladaq ki, sikkələr əl ilə zərb edildiyindən, onların çəkisində cüzi fərqlər olur.
Torpaqda uzun müddət qalma səbəbindən sikkə üzərindəki yazılar silinibsə, numizmatik təyinat zamanı sikkə tipinə, onun zərb edildiyi metala, həmçinin metroloji göstəricilərə əsasən nəticə söylənilir.
Sikkə üzərində yazılar və ya təsvirlər qalıbsa, həmin yazılara ya böyütmə cihazı (лупа) vasitəsilə nəzər salınır, ya da sikkə skaner edilərək, onların oxunuşuna cəhd edilir. Nəticədə həmin sikkənin zərb edilmə ili, zərb yeri, hökmdar adı, titulları, digər yazılar (dini ifadələr, şeirlər) müəyyən edilir, həmçinin sikkələr üzərindəki təsvirlərə əsasən qənaətlər əldə edilir.
Bir sikkə dəfinəsində hətta 500 ədəddən artıq sikkə ola bilər. Məlumdur ki, Azərbaycanda aşkar edilən yerli və xarici sikkələr üzərində müxtəlif qrafikalı yazılar (latın, pəhləvi, ərəb və d.) həkk edilmişdir.
Numizmatlar sikkəyə təyinat verdikdən sonra onu xüsusi numizmatik zərfə daxil edir. Zərfin üzərinə sikkəyə aid məlumatlar və onların fonddakı qeydiyyat nömrəsi (inventar nömrəsi) yazılır. Bundan əlavə olaraq fondda olan inventar kitabına da həmin sikkə barədə məlumat daxil edilir.
Müasir dövrümüzdə AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Numizmatika Fondundakı sikkələr barədə məlumatlar (sikkənin fotosu, metroloji və d. göstəriciləri) fond əməkdaşlarının zəhməti ilə fondda olan kompyuterlərdəki elektron pasport-proqrama daxil edilir. Bu proqram İnternet şəbəkəsi aktiv olduğu halda çalışır və lokal səciyyəlidir.
Hazırda həmin fondda qorunan 20 000 ədəddən artıq sikkə pasport-proqrama daxil edilmişdir. Beləliklə, müasir texniki tələblərə müvafiq olaraq numizmatik faktların elektron qeydiyyatı məhz muzeyin qeyd edilən fondunda davam etdirilir.
Azərbaycan numizmatları sikkələrin təyinatı zamanı həm də istər nəşr halında olsun, istərsə də elektron formatda olan yerli və xarici sikkə kataloqlarına müraciət edirlər. Virtual saytlardakı kataloqlarda həm də sikkələrin satış qiyməti qeyd edilir.
Nəticə. Məqalədə də qeyd etdiyimiz kimi, müasir dövrümüzdə sikkələrin numizmatik təyinatını mütəxəssislər – numizmatlar edirlər.
İnkişaf edən Azərbaycanda rəqəmsal texnologiyanın tətbiqi vasitəsilə sikkələrin numizmatik təyinatının kompyuterlər (və ya robotlar?) vasitəsilə ediləcəyi düşüncəsi heç də əsassız deyildir.
Məqalə müəllifinin qənaətinə əsasən, Elektron Hökümətin İnkişafı Portalı və digər qurumların əməkdaşları, həmçinin yerli alim-riyaziyyatçılar, proqram təminatçıları və numizmat-mütəxəssislərin iştirakı ilə belə təklif reallaşa bilər. Bu prosesin başlanğıc mərhələsi yenə də insan əməyinin tətbiqi ilə mümkündür.
Müasir dövrümüzdə “Süni intellektin numizmatikada tətbiqi” üzrə tədqiqatlarda mütləq şəkildə beynəlxalq təcrübədən faydalanmaq və əldə olunmuş qənaətləri insan cəmiyyətinin faydası üçün dəyərləndirmək zəruridir.
Süni intellekt sistemləri – yeni və qabaqcıl rəqəmsal texnologiyaların dünyadakı inkişafına, həmçinin gündəlik həyat və fəaliyyətimizin bütün istiqamətlərinin yenilənməsinə xidmət edir.
Hazırda alimlərini düşündürən vacib məsələlərdən biri də Sİ-in insan irqinin sonunu gətirməsi ilə bağlıdır. Bəzi qənaətlərə əsasən, Sİ inkişafı partlayışa və ya onun insan nəzarətindən çıxmasına da səbəb ola bilər.
İstifadə edilmiş ədəbiyyat:
1. Məmmədova A. Azərbaycan numizmatikasının layiqli tədqiqatçı-alimi – Əli Rəcəbli // “Azərbaycan Tarix Muzeyi” məqalələr toplusu. Bakı: Ziya-Nurlan, 2007, s. 461-462
2. Rəcəbli Ə. Azərbaycan sikkələri. Bakı: XalqBank, 2012
Web resurslar:
3. Azərbaycan Süni intellekt üzrə Komitənin növbəti iclasında iştirak edib// https://wwww.asanradio.az/news/31688).
4. Azərbaycanda süni intellekti necə inkişaf etdirmək olar? https://mektebgushesi.az/2020/08/11/az%C9%99rbaycanda-suni-intellekti-nec%C9%99-inkisaf-etdirm%C9%99k-olar/).
5. ADNSU-da “Süni İntellekt Mühəndisliyi” magistratura proqramı tədris ediləcək // http: www.asoiu.edu.az/az/news/1380-adnsu-da-sueni-intellekt-muehendisliyi-magistratura-proqrami-tedris-edilecek).
6. “ATL Tech” şirkətinin Süni İntellekt Laboratoriyasının növbəti uğuru // https://www. marja.az/public/70269/atl-tech-sirketinin-suni-intellekt-laboratoriyasinin-novbeti-uguru).
7. İlk dəfə olaraq məhkəmə fəaliyyətində süni intellektin tətbiqinə həsr olunmuş beynəlxalq konfrans keçirildi// https://apa.az/az/xeber/sosial-xeberler/i%CC%87lk-defe-olaraq-mehkeme-fealiyyetinde-suni-intellektin-tetbiqine-hesr-olunmus-beynelxalq-konfrans-kecirildi-foto-559314),
8. Nəzəriyyələri ilə dünya elmini zənginləşdirən alim // http://www.anl.az/down/meqale/azerbaycan/2015/fevral/418913.html).
9. Növbəti ildə süni intellekt Azərbaycan dilini tanıyacaq – Microsoft rəsmisi // https://ted.az/view/news/28342/novbeti-ilde-suni-intellekt-azerbaycan-dilini-taniyacaq-microsoft-resmisi).
10. “Rəqəmsal idarəetmədə süni intellekt” mövzusunda beynəlxalq konfrans keçirilir // https://www.asanradio.az/news/33312
11. Süni intellekt innovasiyalar üçün zəmin yaradır // https:www.muallim.edu.az/news.php?id=10187 )
12. Süni intellektin müasir vəziyyəti, inkişaf mərhələləri və tətbiqləri araşdırılıb //https:ict.az/Mobile/az/news/3693).
13. Австрия презентовала монету «Искусственный интеллект» из серебра и ниобия // https://www.numizmatik.ru/news/moneta-v-chest-iskusstvennogo-intellekta_n9119.html).
14. Изобретения Корсакова // https://sites.google.com/site/intellimachines/),
15. Монета «Искусственный интеллект» – взгляд в вероятное будущее // https: gold10.ru/news/24230/
16. Правительству прибавят искусственного интеллекта // https://www.kommersant.ru/doc/3984247).
17. РОБОТ KIKI девушка с искусственным интеллектом // https://top-device.com.ua/p829128507-robot-kiki-devushka.html.
18. Человечество и (vs) искусственный интеллект // https: gold10.ru/news/27626/
19. Что такое искусственный интеллект – (ИИ)? // https: // www. oracle.com/ru/artifical-intelligence/what-is-ai/).
20. What is artifical intelligence? http://www-formal.stanford.edu/jmc/whatisai/whatsisai.htm).
Qeyd: Məqalədəki robot-qızın fotosu elektron mənbədən alınaraq məqalə müəllifinin əlavələri ilə təqdim edilmişdir //17.
Aygün Məmmədova
Süni intellektin Azərbaycan numizmatikasında tətbiqi zəruridirmi?
Xülasə
Açar sözlər: süni intellekt, rəqəmsal texnologiya, numizmatika, pasport-proqram, Azərbaycan
Məqalədə ilk dəfə olaraq Azərbaycan numizmatikasında “süni intellektin” tətbiqi ilə əlaqədar təklif təqdim edilmişdir.
Məqalə müəllifi Azərbaycanda numizmatika elminin yaranması və inkişafı tarixi, müasir dövrümüzdə sikkələrin numizmatik təyinatı, “süni intellekt” anlayışı ilə əlaqədar zərb edilən xarici sikkələr barədə məlumatlar vermiş, müasir dövrün texnoloji inkişafının numizmatikaya təsirsiz qalmayacağını bildirmişdir.
Nəticədə Azərbaycanda aşkarlanan sikkələrin numizmatik təyinatında gələcəkdə kompyuter vasitələrinin və ya robototexnikanın istifadə ediləcəyi fikri vurğulanmışdır.
Aygun Mammadova
Is it necessary to apply artificial intelligence in the numismatics of Azerbaijan?
Summary
Keywords: artificial intelligence, digital technology, numismatics, passport software, Azerbaijan
The article for the first time presents a proposal on the use of “artificial intelligence” in Azerbaijani numismatics.
The author of the article spoke about the history of the emergence and development of numismatic science in Azerbaijan, the numismatic purpose of coins in the modern era, about external coins that were struck by the concept of “artificial intelligence,” and stated that the technological development of modern times will not remain ineffective for numismatics.
As a result, in the numismatic purpose of coins discovered in Azerbaijan, the idea was emphasized that computer tools or nanotechnics would be used in the future.
Məmmədova Aygün
“Rezonans” informasiya portalının Baş redaktor müavini
AMEA Milli Azərbaycan Tarixi Muzeyinin “Numizmatika və epiqrafika” elmi fond şöbəsinin böyük elmi işçisi,tarix üzrə fəlsəfə doktoru.









