“”Xankəndinin Mehri ilə dəyişdirilməsi” kimi fikirlər ekspert səviyyəsində səsləndirilmiş fikirlərdir. Ümumiyyətlə, 1990-cı illərin əvvələrində ərazi mübadiləsi nəticəsində münaqişənin həll edilməsi ilə bağlı müxtəlif mülahizələr olub. Cənab Prezident İlham Əliyev də münaqişənin həll yolu barədə danışarkən qeyd edib ki, biz vaxtilə Dağlıq Qarabağ adlandırılan əraziyə ən yüksək status verməyə hazır idik, lakin Ermənistan qəbul etmədi. Nəticədə, məsələ gündəmdən düşdü və Azərbaycan problemi hərbi-siyasi yolla həll etdi”.
Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.

Parlament üzvü bildirib ki, indiki şəraitdə heç kim bizlə “biz sizə filan ərazini, siz də bizə filan ərazini verin, dəyişdirək” deyib şərt dili ilə danışa bilməz: “Xankəndi tarixi Azərbaycan ərazisidir, yəni, ərazi mübadiləsi üçün heç bir əsas yoxdur. Azərbaycan öz tarixi ərazilərinin sahibidir və Xankəndidə Azərbaycan bayrağının dalğalanması yaxın perspektiv məsələsidir. Məsələ öz həllini tapacaq. Ona görə də kimsə Azərbaycanla şərt dili ilə danışa bilməz. İndilik Rusiya sülhməramlılarının nəzarəti altında olan ərazilərə də qayıdış baş tutacaq. Bu istiqamətdə işlər davam etdirilir. Belə ərazi mübadiləsi ilə bağlı fikirlər ayrı-ayrı ekspertlər səviyyəsində səsləndirilib”.
Nəzrin Cavid







