Ötən il 44 günlük Vətən müharibəsi apararaq işğalçı Ermənistan üzərində parlaq qələbə qazanan Azərbaycan Respublikası regionda yeni geosiyasi şərait yaratdı. Müharibədən əvvəl onsuz da regionun şəksiz lideri olan müstəqil dövlətimiz bu gün bölgədə hər sahədə söz sahibidir. Dövlət başçımız, Müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarının çıxışlarında qeyd etdiyi kimi bu gün bölgədə heç bir layihə Azərbaycanın iştirakı olmadan reallaşdırıla bilmir. Bununla belə Azərbaycan hər zaman olduğu kimi bu gün də regional sülh və sabitlikdən yanadır. Bir haşiyə çıxaraq qeyd edək ki, əgər Ermənistan vaxtilə Azərbaycanın sülh çağırışlarına cavab versəydi, bu gün sözügedən ölkənin bütün sahələr üzrə göstəriciləri indikindən qat-qat yüksək olardı.
Azərbaycanın son günlər gündəmdə olan Gorus-Qafan yolundakı vəziyyətlə bağlı mövqeyinə də bu prizmadan baxmaq lazımdır. Ölkəmiz özünün güc və qüdrətinə, əlində olan imkanlarına baxmayaraq 10 noyabr 2020-ci ildən sonra Ermənsitanın sadə əhalisinin Azərbaycan ərazisindən keçib getməsinə indiyədək heç bir maneçilik törətməyib, əksinə hər zaman onların təhlükəsizliyini təmin edib. Əvəzində isə hər zaman nankorluq gördüyümüz ermənilər yenə bizə qarşı təxribata əl atdılar. Avqustun 25-də saat 15:45 radələrində Gorus-Qafan yolunun Qubadlı rayonunun Aşağı Cibikli kəndi yaxınlığından keçən hissəsi istiqamətində yerləşən Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qubadlı” əlahiddə sərhəd diviziyasının sərhəd-döyüş məntəqəsinin ərazisində xidmətdə olan əsgər Şirəliyev Ruslan Nəriman oğlu Ermənistan Silahlı Qüvvələrinin 2 hərbi qulluqçusunun qəfil hücumuna məruz qaldı, əlbəyaxa döyüş zamanı sinə nahiyəsindən süngü bıçaqla xəsarət aldı.
Buna cavab olaraq Azərbaycan ən düzgün olan addımı atdı: sözügedən yolda hərəkət dayandırıldı. Əlbəttə, həmin yer Azərbaycanın suveren ərazisidir. Azərbaycan öz ərazisində qanunlardan kənar olmayan bütün tədbirləri görmək hüququna malikdir. Azərbaycanın indiyədək humanist mövqe nümayiş etdirməsi, sadə insanlara heç bir çətinlik törətmək istəməməsi də xalqımızın insani dəyərlərə yüksək qiymət verməsinin nəticəsidir. Azərbaycanlılar indiyədək ermənilərə bu yoldan istifadə etməyə icazə verirdilər, çünki ermənilərin etdikləri pisliklərə baxmayaraq onlara güzəşt edirdilər. İndi isə – onların bizim əsgərimizə hücumundan sonra Azərbaycan tərəfi də artıq bunun cavabını verdi. Zənnimizcə, Ermənsitan isteblişmenti artıq Azərbaycanın verdiyi bu mesajı almış durumdadır. Onlar anladılar və ya əgər hələ anlamayıblarsa, başa düşdülər ki, Azərbaycan istənilən an öz ərazisində istənilən məhdudiyyətləri tətbiq etmək hüququnu özündə saxlayır. Bunu Ermənistanın elitası ilə yanaşı cəmiyyətinin də dərk etmək vacibdir. Təbii ki, bu, bizim üçün yox, onların özləri üçün vacibdir. Çünki əgər bir də belə hallar təkrar olunacaqsa, iflic duruma düşəcək Ermənistan tərəfi olacaq. Erməni elitasının və cəmiyyətinin bu mesajı alması lazımdır.
Bu istiqamətdə fikirlərini öyrəndiyimiz politoloq Zaur Məmmədov da qeyd edib ki, Gorus-Qafan yolu SSRİ dövründə imzalanmış xəritələr əsasında hüquqi sahibinə – Azərbaycana qayıtdı. Onun sözlərinə görə 10 noyabr 2020-ci ildən sonra Gorus-Qafan yolunda Ermənistan vətəndaşları Azərbaycan sərhədçilərinin yanından keçərək müxtəlif məntəqələrə doğru istiqamətlənirdilər.
Zaur Məmmədov vurğulayıb ki, bu hal onu göstərirdi ki, bir çox erməni revanşistlərin səfeh fikirlərindən fərqli olaraq azərbaycanlılar sülhsevər, humanistdirlər:
“Ermənilərin təxribatlar törətməsinə, atəşkəsi pozmasına baxmayaraq Azərbaycan sərhədçiləri mülki erməni əhalinin Gorus-Qafan yolundan istifadə etməsinə bir dəfə belə mane olmadılar. Bu, əslində Azərbaycanın humanist addımı idi. Əgər Azərbaycan istəsəydi, həmin yolu bağlaya bilərdi. Həmin yol Azərbaycan torpaqlarından keçir. Deyə bilərik ki, bizi maraqlandırmır, digər yollardan istifadə edin. Lakin bizim bu addımımız azərbaycanlıların bir daha yüksək mənəvi keyfiyyətlərə malik olduğunu ortaya qoyur. Yaxşı olardı ki, erməni cəmiyyəti bu məsələlərə real, soyuqqanlı qiymət verməyi bacarsın. Erməni cəmiyyəti görsün ki, onların kəndləri, mülki əhalisi Azərbaycan əsgərinin gözü önündən keçir və heç bir təhdid yoxdur”.
Zaur Məmmədovun sözlərinə görə, bu, həm də onu göstərir ki, əgər Ermənistan və onun havadarları öz təxribatçı mövqelərindən əl çəkərlərsə, iki ölkə arasında tamamilə yeni münasibətlərin şahidi ola bilərik: “Ermənistan cəmiyyətinin Gorus-Qafan yolu ilə bağlı məsələdən ibrət götürməsi, nəticə çıxarması lazımdır. Əks təqdirdə bu cür hallar Ermənistan dövlətçiliyini ciddi təhdid altında qoyacaq”.







