Elman Nəsirov: “Erməni cəmiyyətinin bir hissəsi anti-Rusiya ovqatına köklənib”
Bu günlərdə Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin müxalif yönümlü “Şərəf duyuram” blokunun deputatları ilə görüşüb. Görüşdə bir sıra məsələlər müzakirə olunub.
Bu arada erməni mediası Rusiya səfirinin belə bir görüş keçirməsini, görüşdə daxili məsələlərin səfirlə müzakirə olunmasını ölkənin daxili işinə müdaxilə kimi dəyərləndirir. Qeyd edilir ki, əslində Rusiya səfirinin bu kimi görüşlər keçirmək istəməsinin arxasında Ermənistanda hakimiyyəti devirmək niyyəti dayanır. Bununla yanaşı o da qeyd olunub ki, bugünkü Rusiyanın Ermənistanla bağlı siyasəti faşist Almaniyasının Yunanıstanla bağlı siyasətindən heç də fərqlənmir: “Parlament deputatları Bakı və Ankaranı erməni dövlətlərinə qarşı təcavüzə sövq edən ölkənin səfiri ilə nizamlanma məsələlərini müzakirə edirlər!? Bu sadəcə cəfəngiyatdır! Yunanıstanın İtaliya ordusu tərəfindən işğal edildiyi 1940-1941-ci illər İtaliya-Yunanıstan müharibəsindən sonra rəsmi Afina nasist Almaniyasının səfiri ilə nizamlanma məsələlərini müzakirə edərsə, bu da eynidir. Gülməlidi? Təbii ki, Mussolini məhz Berlinin təhriki ilə yunanlara hücum etdi. Biz, gördüyümüz kimi, eyni şeyik. Məncə, bugünkü Rusiyanın Ermənistana qarşı siyasəti faşist Almaniyasının Yunanıstanla bağlı siyasətindən heç də fərqlənmir. Hər iki halda Yunanıstan və Ermənistan qurban verildi”.
Görünən odur ki, ermənilər çəkinmədən Putini Hitlerlə müqayisə edirlər. Bütün bunlar Ermənistanda antirus ovqatının necə güclü olduğunu ortaya qoyur.
“O qədər xəstə düşüncəyə sahibdilər ki, Azərbaycanın öz ərazisində müharibə apardığını dərk etmək istəmirlər”
Məsələyə münasibət bildirən millət vəkili, politoloq Elman Nəsirovun fikrincə, Ermənistan cəmiyyətində Rusiyaya münasibətdə ciddi parçalanma var: “Əvvəla, bu gün Ermənistan cəmiyyəti cəbhələrə bölünüb, cəmiyyət apatiya durumundadır. İnsanların sabaha ümidi, inamı qalmayıb və bu reallıqlar fonunda cəmiyyətdə Rusiyaya münasibətdə ciddi parçalanma var. Erməni cəmiyyətinin bir hissəsi anti-Rusiya ovqatına köklənib. Xüsusən də 44 günlük Vətən müharibəsinin gedişatında antirus cəbhəsində təmsil olunanlar hesab edirdilər ki, Rusiya onlara yetərincə dəstək vermədi. Onların mövqeyinə görə, Rusiya müharibədə birmənalı şəkildə onların yanında qalmalı idi. Onlar hesab edirlər ki, Ermənistandakı 102-ci hərbi baza gərək müharibəyə qatılaydı. Eyni zamanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) üçüncü tərəf olaraq müharibəyə müdaxilə etməli idi. Belə xülyalarla yaşayırlar və anti-Rusiya mövqeyindən çıxış edirlər. Bu səbəbdən Ermənistanda, bəli, media qurumları davamlı olaraq Rusiya əleyhinə təbliğat aparır. Halbuki, Rusiya Ermənistanın təhlükəsizliyinin qarantı rolunda çıxış edir. Ancaq bu, ermənilər üçün bir anlam kəsb etmir. Bunlar o qədər xəstə düşüncəyə sahibdilər ki, Azərbaycanın öz ərazisində müharibə apardığını dərk etmək istəmirlər. Qarabağ Azərbaycan ərazisidir. Bunu bütün dünya belə qəbul edib. Azərbaycan Ermənistan sərhədlərini keçib müharibə aparmırdı ki, Rusiya müdaxilə etsin. Bütün bu aqressiv yanaşmalara rəğmən, zaman keçdikcə dərk edirlər ki, regionda əməkdaşlığın alternativi yoxdur. Əməkdaşlıq yolu yeganə çıxış yoludur. Ermənistanda o potensial yoxdur ki, yenidən Azərbaycanla müharibəyə başlasın. Müharibəyə başlasa belə, Rusiya yenə onların yanında yer almaz”.
Bu baxımdan millət vəkili hesab edir ki, revanşist çağırışların perspektivi yoxdur.
Vidadi ORDAHALLI







