Ruslar Ukraynanın enerji infrastrukturuna zərbələr endirməkdə davam edir.
Bu cür hərəkətlər danışıqların başlanmasına hesablanır. Platform4.news xəbər verir ki, bunu Ukraynanın müdafiə naziri Aleksey Reznikov brifinq zamanı deyib.
“Onlar döyüş meydanında üstünlük əldə edə bilmirlər və dinc əhali ilə vuruşurlar. Məqsədləri qışda bizi qaranlığa, soyuğa qərq etməkdir ki, biz təslim olaq. Sonra onların planına uyğun olaraq danışıqlar aparmağa razılaşaq”, – nazir vurğulayıb.
O, qeyd edib ki, işğalçıların planı iflasa uğrayacaq. Çünki düşmənin resursları, o cümlədən raket ehtiyatları azalır.
“Ona görə də biz dözümlü olmalıyıq və mütləq qalib gələcəyik. Xüsusilə qarşıda duran bu iki əsas ayda qənaət etməyi öyrənməliyik. Və sağ qalmağı öyrənməliyik. Sağ qalacağıq, buna əminəm”, – Reznikov əlavə etdi.







