Səhər saat 04:00 radələrində Rusiya prezidenti Vladimir Putin televiziya ilə təcili müraciət edərək Ukraynaya qarşı hərbi əməliyyat elan edib.
“Donbass xalq respublikaları kömək xahişi ilə Rusiyaya üz tutub. Bununla əlaqədar mən xüsusi hərbi əməliyyat keçirmək qərarına gəldim”, – o deyib.
Putin deyib ki, “biz Ukraynanın demilitarizasiyası və denazifikasiyası, habelə mülki şəxslərə, o cümlədən Rusiya Federasiyası vətəndaşlarına qarşı çoxsaylı qanlı cinayətlər törətmiş şəxslərin məsuliyyətə cəlb edilməsinə çalışacağıq”.
“Əminəm ki, Rusiya silahlı qüvvələrinin vətəninə sadiq olan əsgər və zabitləri öz vəzifələrini peşəkarcasına və cəsarətlə yerinə yetirəcəklər”, – deyə o bildirib.
Bildirilib ki, Rusiya Federasiyasının planlarına “Ukrayna ərazilərinin işğalı daxil deyil” və “mümkün qan tökülməsinə görə bütün məsuliyyət tamamilə Ukrayna rejiminin vicdanında olacaq”.
Putinin sözlərinə görə, Rusiya “Ukraynada nüvə silahının görünməsinə imkan verməyəcək” və “şərait Rusiyadan qəti addımlar atmağı tələb edir”.
Təcavüzkar ölkənin prezidentinin dediyi kimi, “Rusiya Federasiyasının hərəkətləri Ukraynanın maraqlarının pozulması ilə deyil, Ukraynanı girov götürənlərdən özünü qorumaqla bağlıdır”.
“Mən Ukrayna hərbçilərinə müraciət etməliyəm: siz xuntaya yox, xalqa and içdiniz, sizi dərhal silahlarınızı yerə qoyaraq evinizə getməyə çağırıram”, – o, Ukrayna Silahlı Qüvvələrinə müraciət edib.
Putin əlavə edib ki, “Ukraynadakı vəziyyətə kənardan müdaxilə olarsa, Rusiya dərhal cavab verəcək”.






