Rusiya və Qərb dövlətlərinin hərbi alyansı arasında qarşıdurma artmaqdadır. Rusiya Müdafiə nazirinin müavini Aleksandr Fomin deyib ki, NATO-nun hərbi quruculuğu bütövlüklə Rusiya ilə yüksək intensivlikli hərbi konfliktə yönəlib.
“Şimali Atlantika Alyansı Rusiya ilə genişmiqyaslı münaqişəyə hazırlaşır”, Fomin deyib.
Bununla yanaşı, NATO-nun baş katibi Yens Stoltenberq gələn ayın 12-də NATO-Rusiya Şurasının iclasının keçirilməsinə çalışır və iştirakı təmin etmək məqsədilə ilə Moskva ilə əlaqə yaradır.
Qeyd edək ki, NATO bir neçə dəfə Rusiyanın 2014-cü ildə Krımı ilhaq etməsini pisləyərək Moskvanı qonşusularının ərazi bütövlüyünə və suverenliyinə hörmət etməyə çağırıb. Rusiya Qərb dövlətləri tərəfindən ona yönəlmiş iddiaları rədd edir və NATO-nun Rusiya sərhədlərinə təhlükəli şəkildə yaxınlaşdığında israr edir. Bu ayın əvvəlində Moskva Qərbə geniş təhlükəsizlik tələbləri ilə çıxış edərək, NATO-nun yeni üzvləri qəbul etməməli olduğunu və ABŞ-ın keçmiş sovet respublikalarında yeni bazalar yaratmasının qarşısını almağa çalışdığını bildirib.
Yanvarın 12-də keçiriləcək görüş Moskvanın tələblərini irəli sürməsindən sonra Stoltenberqin təklif etdiyi ilk görüşdür. Həmin gün Brüsseldə NATO-ya üzv 30 ölkənin hərbi liderlərinin iki günlük toplantısı planlaşdırılır. Stoltenberq cümə axşamı Rusiyanın sərhəddə hərbi birləşmələrini artırmasına və Kremlin artan aqressiv ritorikasına qarşı Ukraynaya dəstəyi bir daha təkrarlayıb.
O zaman bundan öncə Bayden Putin görüşündə əldə edilən nəticələr qüvvədə qalacaqmı? İki qütb arasında razılığa gəlmək mümkün olacaqmı? Mövzu ilə bağlı Rusiya-Avrasiya layihəsinin rəhbəri, siyasi təhlilçi Mixail Çernov saytımıza açıqlama verib.
“İlk növbədə bildirim ki, biz Rusiya və ABŞ prezidentləri arasında aparılan danışıqlarında nəticələrin olub-olmamasını deyə bilmərik. Düşünmürəm ki, geniş ictimaiyyətə bu barədə tam məlumat verilsin. Dialoq faktının özü artıq yaxşıdır. Ümid edək ki, bu, heç olmasa gərginliyin müvəqqəti azalmasına gətirib çıxaracaq”.
M. Çernov qeyd edib ki, hərbi vəziyyətin pisləşdiyi aydındır: “Bir sıra potensial cəbhədə, ilk növbədə Avropada vəziyyətin qəsdən gərginləşməsi müşahidə olunur. Bununla belə, mən bütövlükdə bu hərbi blokla deyil, NATO dövlətləri ilə müharibənin mümkünlüyündən danışardım. Əminəm ki, çoxları iştirakdan çəkinməyə üstünlük verəcək. 2022-ci ildə münaqişə potensialı açıq-aydın yüksəkdir”.
Ekspert bildirib ki, təhlükə NATO ölkələrinin hərbi hazırlıqlarından qaynaqlanır və bu mənada Ukrayna və Gürcüstan yalnız bu və ya digər təhlükələrin həyata keçirilə biləcəyi ərazilərdir.
Onun sözlərinə görə, bu mənada NATO üzvü olan Türkiyə ilə çox yaxın münasibətləri olan Azərbaycan kifayət qədər həssas mövqeyə düşə bilər: “Əminəm ki, Azərbaycan rəhbərliyi Rusiyaya qarşı yönəlmiş aksiyalarda iştirak etməmək üçün mümkün olan və olmayan hər şeyi edəcək”.







