ABŞ Dövlət Departamenti ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Robert Mallinin noyabrın 29-da başlayacaq nüvə danışıqlarından əvvəl koordinasiyanı təmin etmək məqsədilə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), İsrail, Səudiyyə Ərəbistanı və Bəhreynə səfər edəcəyini açıqlayıb.
İran üzrə xüsusi nümayəndə dörd paytaxtda məxfi müzakirələri 11-20 noyabr tarixlərində aparacaq.
ABŞ Dövlət Departamentinin məlumatında qeyd edilib: “Xüsusi nümayəndə İranın regionda sabitliyi pozan fəaliyyəti və anlaşmaya tam əməl olunması qarşılığında razılaşmaya qarşılıqlı qayıdılması üzrə danışıqların 7-ci raundu da daxil olmaqla, İranla bağlı geniş spektrli narahatlıqların aradan qaldırılması üçün yanaşmalarımızı əlaqələndirəcək”.
İran xarici işlər nazirinin müavini və İranın Vyana danışıqlarına rəhbərlik edən Əli Bakiri Keni noyabrın 3-də sosial media hesabındakı paylaşımda nüvə danışıqlarına noyabrın 29-da başlayacaqlarını bəyan etmişdi.







