Xaricdəki azərbaycanlıların cəmiyyətə inteqrasiyasının sürətləndirilməsi,
ictimai-siyasi fəallığının artırılması, hüquq və azadlıqlarının müdafiəsi
möhkəmləndirilməlidir.
Bu gün dünya azərbaycanlılarının əsl hüquq azadlıqalarını, milli kimliyini və
müstəqil dövlətçilik tarixini bilməsi və ana vətənə bağlılığı mühüm əhəmiyyət kəsb
edir. Milli kimliyi, eləcə də mənəvi dəyərlərimizi özündə əks etdirən dil, din,
azərbaycançılıq ideologiyası, vətənpərvəlik, mədəniyyət, adət-ənənələr, musiqimiz,
maddi-mənəviyyat nümunələri və s. insanın formalaşmasında əsas amillərdən
biridir. Azərbaycanlıların cəmiyyətə inteqrasiyasının sürətləndirilməsi,
soydaşlarımızın hüquq və azadlıqlarının qorunması Azərbaycan diasporunun
qarşısında duran prioritet vəzifələrdir. Reallıq göstərir ki, dünyanın müxtəlif
ölkələrində yaşayan soydaşlarımız milli kimliklərini, mədəniyyətimizi, adət və
ənənələrimizi, ana dilimizi istənilən səviyyədə qoruya bilmir, eləcə də praktikada
tətbiq etmir. Hətta mövcud vəziyyət gələcək nəsillərin adətə-ənənəmizdən, milli-
mənəvi dəyərlərimizdən, ana dilimizdən xəbərsiz olacağını deməyə əsas verir.
Xarici ölkələrdə apardığımız araşdırmalar zamanı xüsusən gənclərin bütün bunlar
haqda məlumatsız olmasını müşahidə etmişik. Təəssüf ki, bu gün xaricdə dünyaya
gələn azərbaycanlı gənclərin əksəriyyəti Azərbaycan dilində danışa bilmir.
Xaricdəki azərbaycanlı ailələrin böyük əksəriyyətində bu problem yaşanır və onlar
bundan ciddi narahatdırlar. Psixoloji olaraq azərbaycanca düşünə bilməyən belə
gənclərin mənəvi olaraq Azərbaycanla bağlılığı olmur. Belə olduqda həmin
gənclərin Azərbaycan mədəniyyətinə, milli dəyərlərinə və adət-ənənələrinə marağı
olmur. Bu, eyni zamanda ikinci nəsil diasporun itməsi təhlükəsindən xəbər verir.
Ayrıca, xaricdəki soydaşlarımız arasında ixtilafların yaranması, şəxsi ambisiyaların
önə çıxması, həmrəylik və birliyin yaranmasına mənfi təsir edir. Hətta bəzi
ölkələrdə bir sıra soydaşlar yad ideologiyaların təsiri altına düşərək neqativ
fəaliyyət göstərirlər. Bütün bunlar da dünya azərbaycanlılarının, eləcə də
Azərbaycan dövlətinin imicinin aşağı düşməsinə səbəb ola bilər. Bu kimi neqativ
halların qarşısının alınması üçün xaricdəki soydaşlarımız arasında milli kimliyin
formalaşdırılması, adət-ənənələrimizin, milli dəyərlərimizin, mədəniyyətimzin,
dilimizin, vətənpərvərliyin təbliği gücləndirilməlidir. Eyni zamanda xaricdəki
azərbaycanlıların cəmiyyətə inteqrasiyasının sürətləndirilməsi, ictimai-siyasi
fəallığının artırılması, hüquq və azadlıqlarının müdafiəsi möhkəmləndirilməlidir.
Məhz bunları nəzərə alaraq xaricdəki azərbaycanlıların milli kimliyinin qorunması
və ana vətənə bağlılığının təbliği gücləndirilməlidir. Bu təbliğatın aparılması ilə
müxtəlif ölkələrdə məskunlaşmış soydaşlarımızın təşkilatlanması, səylərinin
birləşdirilməsi, onların hüquq və azadlıqlarının müdafiəsi mexanizmlərini
təkmilləşdirmək, Vətənlə əlaqələrin gücləndirilməsi, yeni nəsildə ana dili
bilgilərinin artırılması, milli maraqların müdafiəsi yolunda faydalı iş aparılmadır.
Milli dəyərlərimizin təbliğ olunması ilə dünya azərbaycanlılarının həmrəyliyinə
nail olmaq, milli düşüncənin inkişafına, onları ictimai müstəvidə silahlandırmaq və
ümummilli mənafelər naminə səfərbər etmək olar. Nəzərə çatdıraq ki, bu məsələ
ilə bağlı Prezident İlham Əliyev dəfələrlə xaricdəki soydaşlarımza cağırış edib.
Ölkə başçısı 2022-ci ilin oktyabrın 21-də Türk Dövlətləri Təşkilatının Baş katibi
Bağdat Amreyevi qəbul edərkən çıxşında bir daha bu məsələyə toxunub: “Təkcə
Azərbaycanın hüdudlarından kənarda yaşayan azərbaycanlıların sayı Azərbaycanda
yaşayanlardan xeyli çoxdur, bir neçə dəfə çoxdur. Buna görə də, əlbəttə, onların
təhlükəsizliyi, hüquqları, salamatlığı bizim üçün çox böyük əhəmiyyət kəsb edir.
Biz taleyin hökmü ilə dövlətimizdən ayrı düşmüş azərbaycanlılara, həmçinin bizim
qardaş türk dövlətlərinin digər xalqlarının dövlət sərhədlərinin hüdudlarından
kənarda yaşayan çoxsaylı nümayəndələrinə kömək etmək, onların inkişafı, onların
Azərbaycan dilini, Azərbaycan ənənələrini, Azərbaycan mədəniyyətini qoruyub
saxlamaları, azərbaycançılıq prinsiplərinə sadiq olmaları və öz tarixi Vətəni ilə
əlaqələri heç vaxt kəsməmələri üçün əlimizdən gələni edəcəyik”. Göründüyü kimi,
bu fəaliyyət istiqaməti dövlətin də marağındadır və hər zaman aktualdır. Biz də
daima xaricdəki azərbaycanlıların taleyüklü probleminin həllinə vətəndaş
cəmiyyəti olaraq töhfə veririk.
Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın milli kimliyə əsaslanaraq
həmrəylik nümayiş etdirməsinə və vətənlə əlaqələrini möhkəmləndirməsinə
ehtiyac var. Çünki müxtəlif zamanlarda milli dəyərlərimiz meyar olaraq,
xalqımızın milli düşüncəsinə, onun bir vətəndaş kimi formalaşmasına təsirini
göstərib. Bu gün də xaricdə yetişən nəsil, məhz bu prosesin içərisində özünü dərk
edərək, mövqeyini müəyyənləşdirməlidir. Məhz buna görə də “Xaricdəki
azərbaycanlıların milli kimliyinin qorunması və ana vətənə bağlılığının təbliği
istiqamətində tədbirlərin təşkili” layihəsini məqsədəuyğun hesab olunur. Layihə
dünya azərbaycanlılarının ideoloji birliyi üçün milli kimliyin formalaşdırılması,
mədəniyyətimiz, adət və ənənələrimiz, ana dilimiz, ümumiyyətlə, onlara milli
dəyərlərin aşılanması, eyni zamanda soydaşlarımızın bu dəyərlərin təbliği işinə
təşviq edilməsindən bəhs edir. Layihə dünya azərbaycanlılarının xalqımıza xas
olan mənəvi normalara və əxlaqi keyfiyyətlərə sədaqət, milli mənşəyini, tarixi
Vətənini unutmamaq, Azərbaycan xalqının milli maraqlarının, əsas insan və hüquq
azadlıqlarının müdafiəsi işinə xidmət edir. Layihənin mesajı budur ki, xaricdəki
soydaşlarımız da hüququ azadlıqlarını və milli kimliyi müdafiə etməyi, qoruyub
saxlamağı və yeni nəsilə təbliğ etməyi bacarmalıdır. Bunun üçün də
mənəviyyatımızı yaşadan dəyərlərin geniş bir məkanda təbliğ olunması zərurətdir.
Cavid Şahverdiyev
Yazı Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin Azərbaycan
Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin
maliyyə dəstəyi ilə həyata keçirdiyi “Xaricdəki azərbaycanlıların milli kimliyinin
qorunması və ana vətənə bağlılığının təbliği istiqamətində tədbirlərin təşkili”
layihəsi çərçivəsində hazırlanıb.







