Ümummilli lider Heydər Əliyev:
Mən yer üzündə müəllimdən yüksək ad tanımıram.
Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi vardır. Məhz müəllim doğma yurdumuzu sevməyi, hamının rifahı naminə vicdanla işləməyi müdrikliklə və səbirlə bizə öyrətmiş və öyrədir. Hər birimizin öz müəllimi vardır və biz bütün ömrümüz boyu onun xatirəsini hörmətlə, minnətdarlıqla qəlbimizdə yaşadırıq.
Müəllim müqəddəsdir, bütün dövrlərdə bu peşə sahiblərinin üzərinə böyük vəzifələr düşüb. İnsanlara bilik vermək, elm öyrətmək kimi mühüm vəzifənin öhdəsindən onlar gəlir.
Hər birimiz üçün müəllim doğma və əzizdir. Çünki müəllim bizə təhsil verir, dərs öyrədir, yol göstərir, daim qayğımıza qalır. Buna görə də müəllimlərimizi böyük ehtiram və hörmətlə xatırlayırıq. Öyrəndiklərimizə görə həmişə onlara minnətdarıq.
Belə müəllimlərimizdən biri də Təhsildə İnkişaf və İnnovasiyalar üzrə V qrant müsabiqəsinin Zəngilan rayonu üzrə qalibi Günel Əliyevadır.
Günel Məhəmməd qızı Əliyeva 1987-ci ildə Zəngilan rayonunda anadan olub. 1993-cü ildə Zəngilan rayonu 1 nömrəli orda məktəbə qədəm qoyub.
Məlum Qarabağ müharibəsini görə, 1993-cü ilin oktyabr ayında ailəsi ilə birlikdə məcburi köçkün kimi Bakıya pənah gətirib. Orta təhsilini ilk vaxtlar Yasamal rayonu E.Məmmədov adına 21 nömrəli ümumi orta məktəbdə alsa da, daha sonra isə yaşayış yerini dəyişməsi ilə əlaqədar X-XI sinfi Yasamal rayonunda müvəqqəti yerləşən Zəngilan rayonu 21 nömrəli məcburi köçkün uşaqlarının təhsil alması üçün açılmış məktəbdə davam etdirmişdir.
Orta məktəbi əla qiymətlərlə bitirib, 2004-cü ildə yüksək balla Bakı Slavyan Universitetinin Azərbaycan dili və ədəbiyyatı fakültəsinə daxil olub. Oxuduğu illərdə universitetin gənclər təşkilatının fəal üzvlərindən olub.
2008-ci ildə universiteti əla qiymətlərlə bitirdikdən sonra təyinatla Zəngilan Rayon Təhsil Şöbəsi tərəfindən Bakı şəhəri, Səbail rayonunda yerləşən Zəngilan rayonu 4 nömrəli ümumi orta məktəbdə ixtisası üzrə Azərbaycan dili və ədəbiyyat müəllimi təyin olunub. İşlədiyi ilk gündən məktəb rəhbərliyinin tapşırıqlarını və sinif rəhbəri kimi bütün işləri vaxtlı-vaxtında yerinə yetirməyi ilə seçilib. Öz fənnini tədris etməklə yanaşı, 2012- ci ildən dərsdən sonra uşaqların bədii ədəbiyyata marağını və dünyagörüşünün formalaşması üçün dərsdən sonra təşkil olunan “Ədəbiyyatsevərlər” dərnəyinin rəhbəri kimi də fəaliyyətini davam etdirir.
Çalışdığı 13 il müddətində şagirdlərin bir neçə dəfə məktəbdaxili keçirilən inşa müsabiqəsində qalib olaraq, rayon məktəbləri arasında keçirilən mərhələdə iştirak etmişlər.
2019-cu ildə VIII sinif şagirdi Aydan İsgəndərli Zəngilan rayon Gənclər və İdman idarəsi tərəfindən 20 Yanvar faciəsinə həsr olunmuş “Qəhrəmanları olan Vətən basılmaz” adlı şeir və esse müsabiqəsində iştirakına görə “Təşəkkürnamə” ilə təltif olunub.
2020-ci ildə Qafqazın Günəşi Dərgisinin təşkil etdiyi “Ən yaxşı esse” layihəsində fəal iştirak etdiyinə görə Günel Əliyevanın VI sinifdə oxuyan iki şagirdi Zəhra Kərimli və Şahməmmədli Fidan diplomla təltif olunub.
Bu il dərslər mərhələli şəkildə onlayn olduğu üçün “Xocalı soyqrımının 29 ildönümü” ilə əlaqədar məktəbdə keçirilən inşa müsabiqəsində Günel müəllimin şagirdi Hüseyn Kərimli I yerə layiq görülmüş, “Nizami ili “ əlaqədar məktəbdə keçirilən tədbirdə isə şagirdi Səma Sadıqzadə II yerə layiq görülərək, məktəb rəhbərliyi tərəfindən fəxri fərmanla təltif olunmuşlar.
Gənc müəllim olaraq həmişə öz üzərində çalışan Günel müəllim, təhsillə bağlı təlimlərə və vebinarlara da həvəslə qoşulur.
2020-ci il iyul və avqust aylarında Azərbaycan Maarifçilər Assosiasiyasının həmtəsisçisi və təhsil eksperti Tofiq Sadıxovun təşkil etdiyi “Təhsil Təlimçilik Məktəbi-2”nin məzunu olub.
2020-ci il sentyabr və oktyabr aylarında isə “Brain Design” Peşəkar İnkişaf Akademiyasında təcrübəli təlimçi Orxan Mahmudovun və Şəfiqə Xalıqovanın təşkil etdiyi “Natiqlik və özgüvən probleminin aradan qaldırılması” kursunun məzunu olub.
Qısa müddət ərzində təlimçilik üzrə aldığı biliklərin sayəsində onlayn şəkildə bir neçə dəfə vebinar təşkil edib.
Həmin vebinarlar 20-25 yaşlı gənclərə “Karyera qurmağın önəmi” və məktəblərdə “İnklüziv təhsil”in tətbiqi və hazırki vəziyyəti mövzusunda müəllimlərin iştirakı ilə olan vebinarlardır.
2021-ci il fevral ayında Azərbaycan Maarifçilər Assosiasiyasının həmtəsisçisi və təhsil eksperti Tofiq Sadıxovun təşkil etdiyi “Layihə yazılışı və idarəçiliyi” adlı təlimdə iştirak edərək nəzəri və praktiki biliklər əldə edib. Elə həmin vaxt da Təhsil Nazirliyi tərəfindən elan olunan Təhsildə İnkişaf və innovasiyalar üzrə V qrant müsabiqə elan olunub. Günel Əliyeva da fərdi kateqoriya üzrə “Könlümü dindir” bədii qiraət müsabiqəsi mövzusunda layihə təqdim edib.
Mart ayında isə Azərbaycan Maarifçilər Assosiasiyası tərəfindən rayonlar üzrə koordinatorluq seçimi başlayıb. Yüksək əzmkarlıq və peşəkarlığı ilə seçilən Günel Əliyeva Zəngilan rayonu üzrə koordinator seçilib. Kordinator kimi 10-a yaxın məktəbdən 50 müəllimlə birlikdə Zəngilan rayonunun təhsil üzrə gələcəkdə nailliyyətlər əldə etməsi üçün öz dəstəyini daim göstərir. Bir neçə müəllimin Azərbaycan Maarifçilər Assosiasiyasının dəstəyi ilə “Mən bir müəlliməm” layihəsində iştirakını təmin edib.
Koordinator kimi fəaliyyəti zamanı assosiasiyanın “Beynəlxalq Ailə Günü” ilə əlaqədar təşkil etdiyi “Mənim ailəm” rəsm müsabiqəsində qalib olduğu üçün Röya Hüseynzadə I yerə çıxmış, diplom və medalla təltif olunmuşdur. Zəngilanın bir neçə istedadlı şagirdi isə müsabiqədə sertifikatlarla təltif olunmuşdur.
2 avqust 2021-ci ildə təhsil nazirliyi tərəfindən “Təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqənin nəticələri” elan edildi. Təqdim olunan 971 layihədən, 179 layihə ən yüksək balla qrant qazandı və 132 layihə isə fərdi kateqoriya üzrə qalib oldu. Bunlar arasında Zəngilan rayonu üzrə Günel Əliyevanın fərdi kateqoriya üzrə təqdim etdiyi “Könlümü dindir” layihəsi qalib gəldi.
Layihə 3 ay müddətində həyata keçiriləcək. Layihənin əsas məqsədi Zəngilan rayonu üzrə 100-ə yaxın istedadlı şagirdi müəyyən etmək və onları mərhələli şəkildə qiraət müsabiqəsində qarşıya qoyulan məqsədi, yəni onların bədii ədəbiyyata olan marağını, inşa müsabiqəsi üzrə dünyagörüşünü və mütaliə etdiyi əsərləri təqdim edərkən söz ehtiyatını, yaradıcı təfəkkürünü müəyyənləşdirməkdir. Bu mərhələləri keçdikcə rəqabət daha da artacaq. Sona 25 şagird qalacaq və onlar qrup şəklində yarışacaqlar. Yekunda qalib komanda və iştirakçılar sertifikatlarla qiymətləndiləcəklər.
Və sonda… Müəllim əməyini çox vaxt bağban əməyi ilə müqayisə edirlər. Bağban min bir zəhmətlə yetişdirdiyi ağacın bəhrəsini görəndə sevindiyi kimi, öz yetirmələrinin xoş sorağını alanda müəllimin də qəlbi sevincdən dağa dönür. Müəllimlərimiz ad-san sahibi olan yetirmələri barədə həmişə iftixar hissi ilə söhbət açırlar. Bu vaxt, adətən, xoş xatirələr göz önündə canlanır. Yetirmələrinin uğurları müəllimlərimizə sanki yeni güc verir, onları daha şövqlə işləməyə ruhlandırır.
Günel Əliyeva kimi müəllimlər gələcək həyat yollarını müqəddəs müəllimlik peşəsi ilə bağlamağa qərar veriblər. Düşünürəm ki, qəlblərində belə bir istəyin baş qaldırmasına səbəb də elə onların sevimli müəllimlərinin böyük zəhməti olmuşdur. Bu müqəddəs yolda bütün müəllimlərimizə uğurlar arzulayırıq.







