Rezonans.az “Vətən Müharibəsi qəhrəmanlarını tanıyaq!” silsiləsini davam etdirir.
Məlumdur ki, bu silsilədə biz həm də şəhid qəhrəmanlarımızı tanıdırıq.
Ötən ilin 44 günlük Vətən Müharibəsində Füzuli – Cəbrayıl istiqamətində gedən döyüşlərdə düşmənə agır zərbə vuraraq qəhrəmancasına şəhid olan, 40 yaşlı Mayor Azər Əmrah oğlu Mikayılov barədə məlumatları bizə şəhidin qardaşı Anar Mikayılov təqdim edir.
– Hörmətli Anar! Sizi rezonans.az-ın müdiriyyəti və əməkdaşları adından salamlayırıq. Aldığımız məlumata əsasən, sizin qardaşınız Azər Mikayılov ötən ilin Qarabağ müharibəsində şəhid adına ucalan qəhrəmanlardandır. Nə qədər çətin olsa da, bizə şərəfli zəfər sevinci yaşadan bu şəhidin ömür və döyüş yolu barədə məlumat verməyinizi xahiş edirəm.
– Mən də sizi salamlayıram. Bəli, haqlısınız… Ötən ilin Qarabağ müharibəsi ağır itkilərlə keçsə də, şanlı qələbə ilə yaddaşlarda qaldı… Mənə qardaşım barədə danışmaq çətindir. Bu kədər daim mənimlə qalacaq… Amma yenə də tariximiz üçün bunu etməliyəm.
Qardaşım Azər Əmrah oğlu Mikayılov 1980-ci ildə Kəlbəcər rayonunda dünyaya gəlmişdi. Valideynlərimiz ziyalı nəslindəndir.
Özünü dərk etdiyi andan Azər ölkəmizə, xalqımıza qarsı ermənilərin çirkin əməlləri haqqında məlumatlı idi. Onun ürəyində düşmənə qarşı qisas hissi var idi … Həyat yolunu Vətənin müdafiəsinə həsr etmək üçün o, hərbçi olmaq qərarına gəlmişdi… Bu onun uşaqlıq arzusu idi.
Azər 1997 – ci ildə orta məktəbi bitirərək 1998 – 2002 ci illərdə Bakı Alı Hərbi Məktəbində təhsil almışdır. 2002-2003 -cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin Təlim Tədris Mərkəzində təhsilini davam etdirib leytenant herbi rütbəsinə layiq görülərək vətənimizin müdafiəsi üçün Azərbaycan Silahlı Qüvvələrinin sıralarına daxil edilmişdir.
Azər Mikayılov hərbi fəaliyyətinə Naxçıvan Muxtar Respublikasının Əlahiddə Ümumqoşun Ordusu daxilində “hərbi hissənin motoatıcı tağım komandiri” qismində başlamışdı. Qısa müddətdən sonra o, “hərbi hissənin kəşfiyyat bölüyünə tağım komandiri” təyin edildi…
Günü-gündən hərbi sirrləri mənimsəyərək əsl kəşfiyyatçi kimi formalaşan Azər öz ixtisası üzrə daha da yüksəldi… Daha sonralar “Kəşfiyyat bölük komandiri”, “hərbi hissənin kəşfiyyat rəisi”, Əlahiddə Ümumqoşun Ordusunun daxilində “xüsusi təyinatlı tabor qərargah rəisinin əməliyyat üzrə baş köməkçisi”, “tabor komandirinin müavini” və nəhayət “tabor komandiri” vəzifələrinə təyin edildi.
2016 -cı il aprel döyüşlərinə qatılan Azər, Lələtəpə yüksəkliyinin azad olunmasında fəal iştirak etmişdir.
Hərbi fəaliyyəti ərzində qardaşımın Naxçıvan Muxtar Respublikasının müdafiəsində boyük xidmətləri olub. O, Naxçıvan Muxtar Respublikasında olan bir sıra uğurlu hərbi əməliyyatlara, o cümlədən 2018-ci ilin “Günnüt əməliyyatı”na birbaşa rəhbərlik edenlerden biri olmuşdur.
– Siz qeyd etdiyiniz ki, Azər Mikayılov əsasən Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərib. Deməli, o Vətən müharibəsinə də Naxçıvandan təyinatla göndərilib? Görünür, Azər Mikayılovun təcrübəsi və peşəkarlığı nəzərə alınaraq onun müharibəyə cəlb edilməsinə qərar verilib…
– Bəli… Azərin peşəkarlığı nəzərə alınaraq o, Vətən müharibəsindən bir neçə ay əvvəl Naxçıvan Muxtar Respublikasından Beyləqan-Füzuli rayonları ərazisindəki N saylı Xüsusi Təyinatlı Hərbi Hissəyə göndərilib. Həmin hərbi hissədə Azər “qərargah rəisi” və “hərbi hissə komandiri” vəzifələrini icra edib.
Ötən ilin 27 sentyabrında başlayan Vətən müharibəsinə qoşulan Azər Mikayılov qəhrəmancasına torpaqlarımızın müdafiəsinə dayanıb. Həm özü, həm də tabeliyində olan şəxsi heyət Füzuli-Cəbrayıl-Hadrut istiqamətindəki ən ağır əməliyyatlara qatılıb. O, döyuşlərə birbaşa rəhbərlik edib…
Aldığım məlumatlara əsasən Azər böyuk qəhrəmanlıq göstərib və onun rəhbərlik etdiyi hərbi qüvvələr böyük ərazilərin – çoxsaylı yaşayış məntəqələrinin azad olunmasında, çoxsaylı düşmənin canlı quvvesinin məhv edilməsində iştirak ediblər.
11 Oktyabr 2020-ci ildə Füzuli- Cəbrayıl istiqamətində gedən döyüşlərdə düşmənə ağır zərbə vuran Azər Mikayılov qəhrəmancasına şəhid olmuşdur.
– Ruhu şad olsun nur üzlü şəhidimizin! Təbii ki, bütün şəhidlərimiz ən yüksək təltifi xalqın yaddaşında qalmaqla qazanıblar. Aldığımız məlumata əsasən, Azər Mikayilov hərbi fəaliyyəti dövründə çoxsaylı təltiflərə layiq görülüb.
– Bəli. Azər Mikayılov hərbi xidməti dövründə xüsusi hərbi keyfiyyətlərinə, müxtəlif dövrlərdə iştirak etdiyi əməliyyatlarda göstərdiyi sücaətə və xidməti vəzifəsini nümunəvi yerinə yetirdiyinə görə müxtəlif medallarla təltif olunub.
O, hərbi fəaliyyəti dövründə III dərəcəli “Qüsursuz xidmətə görə”, II dərəcəli “Qüsursuz xidmətə görə”, I dərəcəli “Qüsursuz xidmətə görə”, “Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi”, “Azərbaycan Silahlı Qüvvələrinim 95 illiyi”, “Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi”, “Şücaətə görə” medalları ilə təltif edilib.
– Əziz şəhidimiz dünyasını dəyişəndən sonra layiq görüldüyü təltiflər barədə də verməyi xahiş edirik.
– Azər Mikayılov şəhid olduqdan sonra Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən “Qarabağ” ordeni və “Vətən uğrunda”, “Füzulinin azad olunması” medallarına layiq görülüb.
– Qardaşınıza söz demək fürsətiniz olsaydı… nə deyərdiniz?
– Qardaşıma sözlərimi söyləmək fürsətim olsaydı bunları deyərdim: “Əziz qardaşım! Sənin və sənin timsalında bütün şəhidlərin ruhları qarşısında baş əyirəm. “Torpağa su tökülərsə palçıq olar, amma qan tökülərsə Vətən olar” deyirlər… Sizlər öz qanınızı bu torpağa tökərək Vətənimizin bütövlüyünü təmin etdiniz, üçrəngli bayrağımızı bir daha qürurlandırdınız!
“Torpaq, millət, bayraq uğrunda ölən varsa – Vətəndir!”.
Sizin kimi qəhrəmanlar sayəsində bizim Vətənimiz bütöv Azərbaycandır…
Sizin ruhunuz artıq şaddır və müqəddəs Qarabağ torpaqlarındadır və ən uca zirvələrdədir. Azərbaycan xalqı Siz şəhidlərlə qürur duyacaq, Sizin adınız çəkiləndə sevinc göz yaşları ilə iftixar hissi keçirəcəkdir. Sizləri itirmək bizim üçün nə qədər ağır olsa da, təskinliyimiz – Vətənimizin bütövlüyünün əldə olunmasıdır. Ruhlarınız şad, məkanınız cənnətdir!”.
– Müsahibəyə vaxt ayırdığınız üçün Sizə təşəkkür edirik. Şərəfli qanı ilə tarix yazan şəhidlərimiz daim dualarımızda qalacaqlar.
Qeyd edək ki, Azər Mikayılov Rezonans.az-ın Baş redaktoru Əli Musanın əmisi oğludur.
Aygün Məmmədova







