Rezonans.az “Vətən Müharibəsi qəhrəmanlarını tanıyaq!” silsiləsini davam etdirir.
Ötən ilin 44 günlük Vətən Müharibəsində Füzuli və Şuşa rayonlarının işğaldan azad edilməsində iştirak edən 42 yaşlı komandir və qazi Mətin Nazim oğlu Abdinovdur.
– Hörmətli qazi! Sizi salamlayıram. Ötən ilin Vətən müharibəsində misilsiz şücaət göstərərək canından keçən qazilərimiz sayəsində qələbə sevinci bizə nəsib oldu. Xahiş edirik oxucularımıza həyat və döyüş yolunuz barədə məlumat verin.
– Mən də sizi salamlayıram. Ötən ilin zəfər xəbəri bütün xalqımızın həsrətlə gözlədiyi an idi. Ali Baş Komandanın əmri ilə azad olunan Qarabağ torpağı uğrunda döyüşən şəhidlər, qazilər və hərbçilər tariximizdə silinməz iz qoyublar.
Belə şəxsiyyətləri tanıdan Rezonans.az -ın Baş redaktoru Əli Musaya və əməkdaşlarına təşəkkür edirəm.
İndi isə icazənizlə məlumatlara keçim.
Mən Abdinov Mətin Nazim oglu 2 noyabr 1978-ci ildə Gəncə şəhərində dünyaya gəlmişəm. Orta təhsilimi əla qiymətlərlə tamamlamışam.
1995-ci ildə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasına daxil olmuşam və bu təhsil ocağını “leytenant” hərbi rütbəsinə layiq görülərək bitirmişəm.
Ali məktəbi bitirdikdən sonra Naxçıvan Muxtar Respublikasında “zabit” qismində xidmət etmişəm və “bas leytenant” hərbi rütbəsinə layiq görülərək tərxis olunmuşam.
Hələ orta məktəbdə təhsil alanda torpaqlarımızın bir hissəsinin erməni qəsbkarları tərəfindən işğal olunması, mülki əhaliyə verilən zülmlə bağlı xəbərlər mənə ağır təsir edirdi. Məhz belə düşüncələr uşaqlıq illərimə dərin təsir bağışlamışdı.
Atam da o zaman döyüşlərdə iştirak etmişdi. Aylarla atamın üzünü görmürdük…
– Demək ki, atanız da nümunəvi şəxsiyyət olaraq torpaqlarımızın azadlığı uğrunda döyüşüb… O sizə həyatda nümunə olub.
– Bəli …
– Aldığımız məlumata əsasən, Siz Vətən müharibəsinə könüllü qoşulmusunuz.
– Haqlısınız… Ötən il sentyabr ayının 27-si şanlı ordumuzun azadlıq savaşına qatılması xəbərini eşidəndə sevincimdən yerə, göyə sığmırdım. Cəbhəyə getmək uçun könüllü komissarlığa muraciət etdim. Lakin mənə ehtiyac olmadığını dediler.
Mən həmin fikrimden dönmədim və dəfələrlə təkrar olaraq müraciət etdim. Sonunda razılıq verdilər.
– İlk döyüşü necə xatırlayırsınız?
– Oktyabr ayının 10-u idi. İlk döyüşümüz Füzuli istiqamətində başladı. Mən “bölük komandiri” olaraq hadisələri nəzarətdə saxlamağa, fədakar əsgərlərə düzgün istiqamət verməyə çalışırdım.
Görürdüm ki, döyüş zamanı əsgərlərin gözündə sanki qığılcım var idi. Hamısı irəli can atırdı.
Sonrakı məqsədimiz isə Cəbrayıl rayonunun işğaldan azad edilməsi idi. Düşmən sanki üz-üzə gəlməkdən qorxurdu və yalnız minatanlara güvənirdi. Ağır döyüş əməliyyatları bizi sarsıtmırdı …
– Yaralanma anını necə xatırlayırsınız?
– Oktyabr ayının 19-u idi. Xocavənd istiqamətində ağır döyüşün getdiyi ərazidə idim… Ani olaraq sol ayağımın yuxarı hissəsində kəskin ağrı hiss etdim. Ayağıma qəlpə dəymişdi. Sanitar əsgər ayağıml sarıdı… Buna baxmayaraq 10 gün ərzində qanlı döyüş meydanını tərk etmədim. Əsgərləri tərk edə bilməzdim.
29 oktyabrda qısa müddətə ayrılaraq həkim müayinəsinə getdim və öz xahişimlə xidmətimi davam etmək üçün yenidən cəbhəyə qayıtdım.
– Sizin kimi qəhrəmanların fədakarlığı tariximizin şanlı səhifələridir. Siz həm də Şuşanın azadlığı uğrunda xidmət etmisiniz… Bu barədə danışın zəhmət olmasa…
– Noyabrin 2-si Şuşa istiqamətində döyüş əmri verildi… Həmin gecə Şuşa ətrafindakı N saylı yüksəklik uğrunda hücuma keçdik və qələbəyə nail olduq.
Çoxsaylı itkilər hesabına əldə olunan bu qələbə məni çox sarsıtdı. Mənimlə birgə su içən, yemək yeyən qardaşlarımı itirdim. Lakin həm də digər tərəfdən də qürurlanırdım. Biz əmri yerine yetirərək zəfər qazanmışdıq.
Noyabrın 3-ü Şusaya hücum əmri aldıq. Bütün bölüklə birgə hücuma keçdik və o döyüşdə sağ qolumdan yaralandım. Baxdım ki, snayper gülləsi sağ qolumun bazu hissəsinə dəyib.
Düşmən aramsız olaraq atəşi davam etdirir və müdafiə olunmağa çalışırdı. Mən əsgərlərə atışı davam etdirməyi əmr etdim. Amma təəsüf ki,qarşımda mərmi partladə və huşumu itirdim. Nə olduğunu anlamırdım və nə qədər müddət keçdiyini anlamadım.
Artıq ayılanda hiss etdim ki, kimsə məni sürüyür. Elə bildim ki, əsir düşmüşəm. Bun nlayanda üzərimdəki Makarov tipli silahla özümü güllələyim. O an gördüm ki, əl barmaqlarım kəsilib, çoxu əyilib. Anladım ki, əl sümüklərim qırılmışdı. Məni kimin sürüdüyünü görmək üçün cəhd etdim…
Məni döyüş meydanından sürüyərək aparan tanıdığım yaralı rabitəçi əsgər idi. O da zülmlə yeriyirdi…
– Siz danışdıqca, o çətin anlar sanki gözlərimiz önündə canlanır… Buyurun, davam edin.
– Sonra kömək gəldi… Məni 6 saatdan çox piyada apardılar. Düşmənlər yolu qapatmışdılar deyə yalnız belə aparmaq mümkün idi. Həmin an yaralarımın acısını hiss edirdim, dözülməz idi…
Məni hərbi maşına mindirəndə 2 litrdən çox qan itirmişdim. Sonradan bilmişəm ki, sanitar məni səsləsə də, mən o anda hiss etməmişəm. O isə rabitə ilə xəbər verib ki: “Bölük komandiri Abdinov şəhid oldu!”.
Daha sonra məni Hadrutdakı səhra hospitalına gətirdilər. Oradakı həkimlər nəbzimin vurduğunu gördülər və məni əməliyyat etdilər. Sağ əlimin iki barmağını amputasiya olundu. Sol əl barmaqlarım isə tamamilə qırılmışdı.
Əsasən başımda və sol ayağımda qəlpə qırıntıları qalmışdı. Həkimlərimiz sayəsinde sağ qaldım.
Noyabr ayının 8-də cənab ali Baş Komandanımız Şuşanın azad edilməsi xəbərini verdi. Bu xəbəri eşidəndə həddən artıq sevindim. O an xatirəmdə bu “Sən azadsan Şuşa!” şüarı ilə iz qoyub…
– Sizin cəbhə xatirələrinizə etinasız qalmaq olmur. Siz və sizin timsalınızda canından keçən qazilərimizin Vətən sevgisi sayəsində Qarabağ azadlığa qovuşdu. Təltifləriniz barədə məlumat verin, zəhmət olmasa.
– Cənab Ali Baş Komandanın sərəncamına əsasən “Cəbrayılın azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Döyüşdə fərqlənməyə görə”, “Hərbi xidmətlərə görə” medallarına layiq görülmüşəm.
– Oxucularımıza son sözünüz nə olar?
– Cənab Prezidentin əmri ilə və şəxsi niyyətimiz bizi Qarabağın azadlığı uğrunda döyüşlərə sövq etdi. Hər zaman Ali Baş komandan müharibə boyu döyüşləri izləyirdi… Mən bir komandir olaraq bunu şəxsən müşahidə etmişəm.
Mən fəxr edirem ki, azərbaycanlıyam ve cənab İlham Əliyev kimi Komandanın zabitiyəm!
Oxuculara, xüsusən də gənc nəsilə sözüm – Vətəni sevin! Vətəni qoruyun!
Bu Vətən bizə əmanətdir, onun hər qarışının qədrini bilək.
– Mən də Sizə müsahibəyə görə təşəkkür edirəm. Sizinlə fəxr edirik.
Aygün Məmmədova
Sahilə Abdullayeva









