Qafan və Qacaran kimi şəhərlərdən çaya axıdılan məişət suları çirklənmə səviyyəsini daha da yüksəldir
30 illik işğal dövründə Ermənistan Azərbaycanın yalnız tarixi, mədəni abidələri, yaşayış məskənlərini dağıtmaqla kifayətlənməyib, hətta öz xislətini Qarabağın ətraf mühitinə, təbii sərvətlərinə külli miqdarda ziyan vurmaqla da göstərib. Bu dövrdə həmin ərazilərin təbii sərvətləri işğalçı dövlətin himayədarlığı nəticəsində müxtəlif xarici şirkətlər tərəfindən qanunsuz istismara məruz qalıb. Ötən illər ərzində Ermənistanın yürütdüyü ekoloji terror bölgədə tarazlığın pozulmasına səbəb olub.Terror nəticəsində hektarlarla meşələr məhv olub, çayların suyu yüksək səviyyədə çirklənməyə məruz qalıb. Bunu transsərhəd çay olan Oxçuçayın timsalında aydın görmək mümkündür.
Böyük bir hissəsi Ermənistanda yerləşən bu transsərhəd çayı həmin ölkə ərazisində daim çirkləndirilib. Aparılan araşdırmalar zamanı Qafan və Qacaran dağ-mədən sənayesinin tullantı sularının təmizlənmədən birbaşa çaya axıdıldığı və çirklənmə səviyyəsinin normadan dəfələrlə artıq olduğu üçün Oxçuçayın su ehtiyatlarının istifadəsi yararsız hesab edilir. Oxçuçayın Azərbaycanın iki böyük çaylarından biri olan Araz çayına töküldüyünü nəzərə alsaq, onun hədsiz çirklənməsi bu çayın su ehtiyatlarının da keyfiyyətinə birbaşa təsir göstərir. Əkin sahələrinin suvarılmasında həlledici rol oynayan Araz çayında suyun çirklilik səviyyəsi o dərəcəyə yüksəlib ki, sudan məişətdə istifadə olunması insan sağlamlığına birbaşa təsir edə, mənfi fəsadlara yol aça bilər.Hazırda Oxçuçayda çirklilik səviyyəsi kritik həddə çatıb və çayın fauna və florası demək olar ki, sıradan çıxarıb, çaydakı canlıların böyük əksəriyyəti məhv olub.
Çayda nikelin miqdarı 5,5, dəmirin miqdarı isə 4,5 dəfə normadan artıqdır
Azərbaycan 44 günlük Vətən müharibəsində ərazilərini Ermənistanın işğalından azad etdikdən sonra Qarabağın təbiətinin öyrənilməsi, təbii ehtiyatlarının müəyyənləşdirilməsi istiqamətində aidiyyəti qurumlar tərəfindən davamlı olaraq monitorinqlər həyata keçirilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi(ETSN) tərəfindən ötən il ərzində aparılan monitorinqlər zamanı Oxçuçaydan dəfələrlə götürülən su nümunələrində çirklənmənin yüksək səviyyədə olduğu təsdiqini tapıb. Belə ki, suda yüksək miqdarda ağır metal, xüsusən mis, molibden, manqan, dəmir, sink və xrom aşkar edilib. ETSN-in monitorinq hesabatlarına əsasən, çayda mis-molibden birləşməsinin miqdarı normadan iki, dəmir dörd və nikel yeddi dəfə yüksək olub, çayın rəngi çirklənmə səbəbindən vaxtaşırı dəyişib.
Oxçuçayın Zəngilanın Şayıflı və Cahangirbəyli kəndləri hissəsində aparılan monitorinqi zamanı Azərbaycan Respublikasının “Qırmızı kitab”ına daxil edilən minlərə kiçik qızılxallı v şirbit balıqlarının kütləvi ölümünün müşahidə edilməsi də çaydakı çirklənmənin yüksək səviyyədə olmasından xəbər verir.
Çayın suyuna əl yumaq belə qorxuludur
Azərbaycan tərəfi Oxçuçaydakı ekoloji fəlakətlə bağlı beynəlxalq ictimaiyyətin diqqətini məsələyə cəlb etmək üçün xarici ölkələrin nüfuzlu laboratoriyalarına müraciət etməli olub. Çayın suyu və dib çöküntüləri nümunəsinin təhlilləri ETSN-nin sifarişi əsasında Almaniyanın beynəlxalq səviyyədə akkreditə olunmuş və sertifikatlaşdırılmış SGS laboratoriyasında aparılıb. Su nümunələrinin sınaq nəticələri çay səthindəki sularda ağır metalların, xüsusən dəmir, mis, manqan, molibden, sink, xrom, nikel və digərlərinin yüksək miqdarda olduğunu aşkar edib, hətta çöküntü nümunələrində təhlükəli maddələrin konsentrasiyasının normadan dəfələrlə artıq olduğu müəyyən edilərək, çayın çirklənmə səviyyəsinin kritik olduğu aşkar edilib. Mütəxəssislərin qənaətinə görə, çayda çirklənmə səviyyəsi o dərəcədə yüksəkdir ki, suya əllə toxunmaq belə insan həyatı üçün təhlükəli nəticələrə gətirib çıxara bilər.
Helsinki Konvensiyasına qoşulmayan Ermənistanın çirkin niyyəti
Transsərhəd çay olan Oxçuçayın Ermənistan tərəfindən çirklənməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi,eləcə də Azərbaycanın bir sıra qeyri-hökumət təşkilatları müxtəlif beynəlxalq qurumlara, nüfuzlu ekoloji təşkilatlara dəfələrlə müraciət edilib. Ermənistan bu zərərli təcrübəni dayandırmağa çağırılsa da, hələ ki,qarşı tərəf bu çağırışlara heç bir reaksiya verməyib.
Hələ 30 il əvvəl -1992-ci ilin martında Finlandiyanın paytaxtı Helsinkidə BMT-nin Avropa İqtisadi Komissiyası “Sərhəddən keçən su axınlarının və beynəlxalq göllərin mühafizəsi və istifadəsi üzrə” konvensiya (Helsinki Konvensiyası) qəbul edib. 2003-cü ilin noyabrında isə Komissiyanın Madrid şəhərində keçirilən toplantısında “Sərhəddən keçən su axınlarının və beynəlxalq göllərin mühafizəsi və istifadəsi üzrə Konvensiya”ya düzəlişlər edilərək, BMT-nin bütün üzv dövlətlərinin bu konvensiyaya qoşulmasını məqbul hesab edilib.
Azərbaycan Respublikasının ali qanunverici orqanı olan Milli Məclis 2000-ci ilin martında qəbul etdiyi qərarla ölkə Helsinki Konvensiyasına qoşulub.
30 ildir özünü müstəqil dövlət elan etməsinə baxmayaraq Ermənistanın hələ də Helsinki Konvensiyasına qoşulmaması bu ölkənin gələcəkdə də bölgədə ekoloji terroru davam etdirmək kimi çirkin niyyətini bir daha ortaya qoyur.
Qeyd etmək yerinə düşər ki, II Qarabağ savaşından sonra Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 2020-ci il 10 noyabr tarixində imzaladıqları üçtərəfli bəyanata uyğun olaraq ,Kəlbəcər, Laçın və Ağdamı boşaltmaq üçün rəsmi Bakının humanist mövqeyi nəticəsində ermənilərə verilən əlavə vaxtda belə onlar Azərbaycan ərazilərində ekoloji terroru davam etdirmiş, müvəqqəti yaşıdıqları evləri tərk etdikləri zaman evləri yandıraraq meşə ərazilərinə yayılmasına şərait yaratmış, eyni zamanda ağacları kəsmiş, yanğınlar törətmişlər. Bütün bunlar isə əsl erməni xislətinin göstəricisidir. Başqa sözlə, görünən odur ki, beynəlxalq təzyiqlər olmadıqca, Ermənistan regionda ekoloji terroru davam etdirməkdə israrlıdır.







