Ukrayna–Rusiya müharibəsi XXI əsrin ən ciddi geosiyasi böhranlarından biri kimi tarixə düşüb.
2014-cü ildə Krımın ilhaqı ilə başlayan qarşıdurma 2022-ci ildə Rusiyanın genişmiqyaslı işğalı ilə daha da kəskinləşdi. Bu münaqişə təkcə iki dövlətin toqquşması deyil, həm də beynəlxalq güc balansını dəyişdirən qlobal prosesdir, deyə politoloq Qulu İbrahimov bildirib.
“Ukrayna son günlər Qərbin dəstəyi ilə Rusiyaya strateji zərbələr vurur. Üç ildən artıq davam edən qarşıdurma əsl müharibənin başlanğıcı üçün sınaq mərhələsi hesab edilə bilər”, Qulu İbrahimov əlavə edib.
Qərb ölkələri – ABŞ və Avropa İttifaqı – Ukraynaya hərbi və maliyyə dəstəklə yanaşı, Rusiyaya qarşı sərt sanksiyalar tətbiq edir. Çin isə formal neytrallıq nümayiş etdirsə də, Moskva ilə iqtisadi əməkdaşlıq vasitəsilə onun təcridini qismən yumşaldır. Politoloq əlavə edib ki, bu, beynəlxalq münasibətlər sistemində yeni “soyuq müharibə” dövrünün göstəricisidir.
Rusiyanın əsas məqsədi Ukraynanı öz təsir dairəsində saxlamaq və onun Qərbə inteqrasiyasının qarşısını almaq idi. Lakin Ukraynanın güclü müqaviməti və Qərbin dəstəyi Kremlin planlarını alt-üst etdi. Müharibə uzandıqca Rusiya iqtisadi, siyasi və hərbi baxımdan zəifləyir, beynəlxalq arenada isə daha çox təcrid olunur, deyə Qulu İbrahimov vurğulayıb.
Ukrayna xalqının milli birliyi və liderlik faktoru onun mübarizəsini gücləndirir. Qərbin yardımını təkcə taktiki deyil, strateji addım kimi qiymətləndirmək olar – bu, həm Ukraynanın suverenliyini qorumaq, həm də Rusiyanın aqressiv siyasətini məhdudlaşdırmaq məqsədi daşıyır, deyə Qulu İbrahimov bildirib.
Müharibənin təsirləri regionu da əhatə edir: Avropada enerji asılılığına yenidən baxılır, Qafqaz və Mərkəzi Asiyada Rusiya təsiri zəifləyir, qlobal ərzaq böhranı isə Asiya və Afrika ölkələrində sosial gərginlik yaradır. Politoloq Qulu İbrahimov bildirib ki, bu proses regiondakı geosiyasi balansı ciddi şəkildə dəyişir.
Yaxın perspektivdə münaqişənin tezliklə həll olunması ehtimalı zəifdir.
Gözlənilən ssenarilər arasında “dondurulmuş münaqişə”, beynəlxalq vasitəçilərin iştirakı ilə sülh danışıqları və ya müharibənin daha da uzanması var. Lakin artıq aydındır ki, Ukraynanın dirənişi və beynəlxalq dəstək XXI əsrin geosiyasi xəritəsini yenidən formalaşdırır, deyə politoloq Qulu İbrahimov yekunlaşdırıb.
“Analitika və İnformasiya Platforması” təşkilatın rəhbəri, politoloq Qulu İbrahimov
Ukrayna, Kiyev







