Beynəlxalq Qarabağ Forumu (BQF) Koordinasiya Şurasının onlayn formatda keçirilən növbəti iclasında gündəmin aktual məsələləri müzakirə olunub.
Qurumun koordinatoru Akif Nağının moderatorluğu ilə keçən iclasda əvvəlcə ötən ay ərzində həyata keçirilən tədbirlərlə bağlı məlumat verilib.
A. Nağı Azərbaycanda Bakının azadlığı və 27 sentyabr Anım Günləri ilə bağlı tədbirlər, Ziya Zakir Acar Türkiyədə toplu məzarlıqla bağlı görülən işlər, həmçinin Azərbaycanın Edilli kəndindəki kütləvi məzarlığa dair məlumatların yayılması, Gürsoy Solmaz Ərzurumda “Azərbaycan Evi”nin fəaliyyəti, Elşən İbrahimov Rusiyada 12-14 sentyabr hadisələri ilə bağlı məlumatlandırma kampaniyası, Rusiya rəhbərliyinə müraciətlər və alınan cavablar, həmçinin böyük sənətkarımız və vətənpərvər soydaşımız Müslüm Maqomayevin 80 illik yubileyi ilə bağlı tədbirlər, Qulu İbrahimov Ukraynada Azərbaycan-Ermənistan sərhəddindəki son hadisələrlə bağlı yerli dillərdə informasiyanın hazırlanması və yayılması, Sözer Akyıldırım İğdır bölgəsində keçirilən anım tədbirləri, həmçinin mətbuatda çıxışlar, Necati Alkış Türkiyə və Azərbaycan arasında əlaqəli fəaliyyətə dair məlumat verib.
Sonra A. Nağı “Azərbaycan-Ermənistan arasında sülh müqaviləsinin hazırlanması prosesi”, Elşən İbrahimov və Qulu İbrahimov “Rusiya-Ukrayna müharibəsində son vəziyyət”, Cafer Dal “İranda qarşıdurma və çıxış yolları” mövzularında çıxış ediblər. Ətraflı müzakirələrdən sonra bu və digər məsələlərlə bağlı Forumun mövqeyi formalaşdırılıb, qeyd olunub ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin hazırlanması və imzalanması prosesinin uzadılmasına imkan verilməməli, Qarabağdakı ermənilərin “hüquq və təhlükəsizliyi” ilə bağlı spekulyasiyalara imkan verilməməli, “mülki missiya” deyilən təşəbbüsün zərərli olduğu qeyd edilməli, “status” təşəbbüsləri rədd edilməlidir. Rusiya və Ukrayna arasındakı qarşıdurmanın kəskinləşməsi, nüvə müharibəsi təhlükəsinin gündəmə gəlməsi bəşəriyyətə qarşı cinayət kimi dəyərləndirilməlidir. İrandakı son faciəli hadisələrin davam etməsi, məcrasından çıxmasının region üçün təhlükə mənbəyi olduğu qeyd edilmişdir.







BQF Mətbuat Xidməti14 oktyabr 2022.







