Xəbər verdiyimiz kimi fevralın 15-dən 3-cü doza (“buster” doza) koronavirus vaksini vurdurmayan şəxslərə bir çox qadağalar tətbiq ediləcək.
Artıq 3-cü doza vaksinasiyanın məcburiyyət halına gəlməsi bəzi insanları narahat edir və onlarda müəyyən suallar yaradır.
Mövzu ilə bağlı Tibb Universitetinin dosenti, tanınmış ictimai xadim Rəşid Mahmudov bildirib ki, son zamanlar koronavirusun təsiri zəifləyib və ağır xəstəlikləri olmayanlar üçün öldürücü gücə malik deyil.
“Koronavirus artıq can verir. O yalnız yüksək şəkəri olan, qoşa xəstəlikləri – vərəm, xərçəng xəstəliyi olanları öldürə bilər. Digər insanlar üçün öldürücü gücə malik deyil. Koronavirus qrip kimi bir şeydir, heç nə olan deyil. 3-cü doza bir siyasətdir. Ürəyi zəif adam adicə qripdən də ölə bilər. Hazırda koronovirusun 5-ci dalğasıdır, növbəti dalğa mənə elə gəlir ki, heç olmayacaq.
R. Mahmudov həmçinin qeyd edib ki, koronavirusun siqaret çəkən adamlara təsiri az, çəkməyənlərə isə çox olur:
“Virus da bilir ki, hansı ciyər salamatdır ona hücum çəkir”,- deyə, o, qeyd edib.
Məsələnin hüquqi tərəfinə hüquq müdafiəçisi Sahib Məmmədov aydınlıq gətirib.
O bildirib ki, 3-cü doza ilə bağlı qoyulan məhdudiyyəti məcburiyyət kimi anlamaq lazım deyil.
“Konstitusiyamızda dövlətin hansı hallarda insan hüquqlarını məhdudlaşdırması barədə müddəa var. Bunlara epidemiyaların qarşısının alınması məqsədi ilə görülən tədbirlər də daxildir. İstənilən dövlətin bu sahədə gördüyü tədbir tam legitimdir. Burada hansısa bir pozuntudan söhbət gedə bilməz. Təsəvvür edin ki, xəstə bir insan küçədə başqalarını yoluxdura-yoluxdura gedir. Özünə heç nə olmur, çünki orqanizmi möhkəmdir. Şəxs məhdudiyyət qoyulan yerlərə girməmək şərtilə imtina edə bilər. Amma iş yerləri, iaşə yerləri və s. bunlara giriş üçün 3-cü doza vaksin tələbi qoyulsa yaxşıdır. Onsuz da çox şəxs qaydalara əməl etmir. Təkcə bizdə yox, digər ölkələrdə də. Bizdə ümumiyyətlə nəzarət zəifdir. Başqa variant yoxdur, az da olsa kömək edir”.
Qeyd edək ki, “Buster” doza (3-cü doza) qüvvətləndirici doza deməkdir. Belə ki, COVID-19 xəstəliyinə qarşı 2 doza vaksin vurdurduqdan 5 ay sonra orqanizmdən asılı olaraq bu virusa qarşı müqavimət azala bilər. Orqanizmin koronavirus infeksiyasına qarşı immunitetini yenidən artırmaq üçün “buster doza”nın vurulması tövsiyə olunur.
Məlumat üçün bildirək ki, koronavirusa qarşı Azərbaycanda tətbiq olunan vaksinlərdən hər hansı birinin hər iki dozasını vurduran şəxslərə “Peyvənd sertifikatı” verilir. “Peyvənd sertifikatı”nın etibarlılıq müddəti 6 aydır. Həmin müddət bitdikdən sonra peyvənd istehsalçısının istifadə təlimatında 2 doza vurulması nəzərdə tutulan peyvəndin 1 dozasını aldıqda “Peyvənd sertifikatı”nın qüvvədə olması müddətsiz olaraq uzadılır.


.jpg)





