Beynəlxalq Qarabağ Forumunun (BQF) Koordinasiya Şurası videokonfrans formatında növbəti iclasını keçirib.
İclasa növbəlilik əsasında İsveç nümayəndəsi, diaspor rəhbəri, regional parlamentin üzvü İradə Əliyeva Söderberq moderatorluq edib.
İclasda əvvəlcə təşkilati məsələlərə baxılıb, Gürcüstandan təhsil işçisi, ictimai xadim Sayad Xəlilov, Azərbaycandan yazıçı-publisist Fəzli Qasımov (Mir), Beynəlxalq Qarabağ Forumuna və qurumun Koordinasiya Şurasına üzv seçiliblər.
Forum üzvləri təmsil etdikləri ölkələrdə Azərbaycan, Qarabağ həqiqətlərinin təbliği ilə bağlı həyata keçirdikləri tədbirlərə dair məlumat verib, problemlər və onların aradan qaldırılmasına dair təkliflərini bildiriblər.
BQF koordinatoru, QAT sədri Akif Nağı Qarabağda, Azərbaycan-Ermənistan sərhəddində hazırkı vəziyyət, bərpa işlərinin aparılması, Zəngəzur dəhlizi ətrafında müzakirəlr, Türkiyə və Rusiyanın, həmçinin Qərbin proseslərdə iştirakı, Qazaxıstanda baş verən son hadisələr, bu hadisələrin Cənubi Qafqaza təsir imkanları və digər məsələlərə toxunaraq fikirlərini bildirib. Sonra BQF Koordinasiya Şurasının üzvləri Şamil Mehdi (Azərbaycan), Ziya Zakir Acar (Türkiyə), Elşən İbrahimov (Rusiya), Qulu İbrahimov (Ukrayna), Sayad Xəlilov (Gürcüstan), İradə Əlivea (İsveç), Fəzli Qasımov (Azərbaycan), Kərəm Karabulut (Türkiyə), Kənan Hacıəkbəroğlu (İsveç), Sözer Akyıldırım (Türkiyə), Rəfael Qəribov (Rusiya), Gürsoy Solmaz (Türkiyə), Cəfər Dal (Türkiyə), Necati Alkış (Türkiyə) və digərləri çıxış edərək müzakirə olunan məsələlərə münasibətlərini bildirib, təkliflərini veriblər. Müzakirələrdən sonra əsas məsələlərə dair ümumi mövqe formalaşdırılıb, fəaliyyət istiqamətlərində bu mövqelərin əsas götürülməsi razılaşdırılıb, bir sıra tədbirlərin, o cümlədən “Arsak: tarix və müasirlik” adlı konfransın materiallarının çapı, 20 yanvar faciəsinin ildönümü, Xocalı soyqırmının 30 -cu ildönümü ilə bağlı tədbirlərin keçirilməsi qərara alınıb.







