44 gün – bütün hisslərin eyni anda yaşandığı tarix. Ən yeni Azərbaycan tarixi salnaməsində qızıl hərflərlə əbədiləşən «Zəfər yolu» bütünlüklə xalqın taleyini köklü şəkildə dəyişdi. Bu haqq mübarizəmiz keçmişin acınacaqlı izlərini bu gündən silərək gələcəyə ümid qığılcımlarını alışdırmağa vəsilə oldu.
Azərbaycan xalqı birlik, əzm və əsl vətənpərvərlik nümunəsi kimi özünü dünya çapında təsdiqlədi, bununla da, sübut etdi ki, belə nümayəndələri olan milləti yer üzündən silməyə çalışmağın nəticəsi yalnızca uğursuz ola bilər. Tarixin bu sınağından da alnıaçıq, üzü ağ çıxmağı bacaran rəşadətli Ali Baş Komandan və onun qurduğu Müzəffər Ordu gələcək nəsillərə kifayət qədər yaxşı təcrübə oldu.
Azərbaycan istər ölkə daxili, istərsə də beynəlxalq müstəvidə hüquq normalarının qorunmasına hər zaman riayət etmişdir. Beynəlxalq hüququn norma və prinsiplərinin pozulmaması istiqamətində Azərbaycanın təmkinlik göstərərək 30 ilə yaxın müddətdə ərazi bütövlüyünün itirilməsinə dözərək sülh danışıqlarına cəhd etməsində görə bilərik.
Tarix boyu ölkəmizin imzası daima uğura atılıb. Müstəqilliyin bərpasına qədər ölkədə baş qaldıran xaos, hərc-mərclik, ölkənin parçalanma təhlükəsiylə qarşı-qarşıya qalmasının qurtarıcısı, xalqın tələbi və təkidi ilə Ümumilli Lider Heydər Əliyevin hakimiyyətə böyük qayıdışı oldu. Heydər Əliyevin uzaqgörən siyasəti ilə ölkənin nizama salınması istiqamətində əsaslı işlər görülməyə başlanmışdı. Və o bilirdi ki, bir dövlətin qüdrətini bərpa edərək möhkəm təməl üzərində qurulması üçün ilk növbədə vahid hüquq sisteminin bərqərar olması əsas şərtdir. Yalnız ədalət tərəzisi qüdrətli olan dövlətdə mərkəzdənqaçma qüvvələrini vahid əldə birləşdirmək olar. Bu istiqamətdə Ümumilli Liderin atdığı ilk addım 1995-ci ildə ümumxalq səsverməsi ilə Azərbaycanın ilk Konstitusiyasının qəbul edilməsi oldu. Bununla da Azərbaycan ədliyyəsi inkişaf yolunda irəliləməyə başladı.
Belə bir keşməkeşli və çətin şəraitdə ölkədə sakitliyin bərqərar edilməsi uğrunda islahatların keçirilməsinə start verilmişdir. Ümumilli Lider Heydər Əliyevin səyi nəticəsində Hüquqi İslahat Komissiyası yaradılmış və onun sayəsində qanun və məcəllələr ciddi nəzarətlə işlənib hazırlanmışdı.
Təsadüfi deyil ki, müstəqilliyin əldə olunması ilə bağlı qəbul edilən yeni qanunların 20 faizə yaxın hissəsi hüquqi islahatlarla əlaqəlidir və bu proses beynəlxalq təşkilatlar və ekspertlər tərəfindən təqdirə layiq hərəkət olaraq qiymətləndirilmişdir.
Müstəqil Azərbaycanın ilk Milli Konstitusiyasının qəbulu ilə ölkədə cəza hüququ normaya salındı, bu hökmlərin icra olunması funksiyası Ədliyyə Nazirliyinə həvalə edildi, Əfv institunun təsis edilməsi istiqamətində işlər görülməyə başlandı və ən əsası ilk dəfə olaraq Şərqdə ölüm cəzasının ləğvinə nail olundu.
Ulu öndərin əsasını möhkəm şəkildə qoyduğu Məhkəmə hakimiyyəti bu gün də öz parlaq çiçəklənmə dövrünü keçirməkdə davam edir. Məhkəmənin aliliyi qəbul edilən gündən etibarən insanların hüquq və azadlıqlarının tanınması və qorunması istiqamətində atılan addımlar xalqa öz töhfəsini vermişdir. Beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanaraq daxili qanunların vəhdət təşkil edərək birləşməsi ədliyyənin möhkəmlənməsinin təməlini təşkil etmişdir.
Bu gün biz qüdrətli dövlətə malikiksə onun mənbə prinsipləri məhz möhkəmləndirilmiş ədliyyə sistemi ilə bilavasitə əlaqədardır. Bu sistemin formalaşmasının təməli Ümumilli Lider Heydər Əliyev tərəfindən qoyulmuşdursa, bu gün bu siyasətin uğurlu davamçısı Cənab İlham Əliyevin ideyalogiyasıdır. Son illər Cənab Prezidentin ədliyyə sahəsində qəbul etdiyi qərarlar öz töhfəsini həm nəzəri, həm də praktiki cəhətdən göstərməkdə davam edir. Müharibənin sürdüyü 44 gün ərzində ermənilərin törətdikləri cinayətləri qərəzsiz şəkildə dünyanın diqqətinə çatdırmaq istiqamətində ədliyyənin üzərinə çox məsuliyyətli vəzifələr düşürdü. Danılmaz faktdır ki, bu missiyanı biz təkcə 44 gün ərzində deyil, müharibəyə qədərki dövrlər ərzində də layiqincə yerinə yetirməyə çalışmışıq.
Bu gün – post-konflikt dönəmində belə ədliyyəmiz ermənilərin azərbaycanlılara qarşı cinayətkarlıq aktlarının işıqlandırılması istiqamətində bir sıra tədbirlər həyata keçirməkdə davam edir.
Ədliyyə Nazirliyi sıx əməkdaşlıq etdiyi nüfuzlu beynəlxalq təşkilatlar, o cümlədən 70 ölkənin ədliyyə nazirləri, dünya prokurorları, Beynəlxalq Antikorrupsiya Təşkilatları Assosiasiyası, Dünya Bankı, UNICEF, Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresi, Cəmiyyət Almaniya, Ümumdünya Səhiyyə Təşkilatı və s. Beynəlxalq əməkdaşlıq institutları, həmçinin Beynəlxalq Hakimlər Assosiasiyasına çağırışlarda, xarici ölkə səfirləri ilə görüşlərdə, azərbaycanlıların etnik təmizləmə və soyqırımı, öz ata-baba yurdlarından didərgin salınması, xalqımıza qarşı müharibə – bütün bunların təkcə bir millətə qarşı deyil, həmçinin bütün bəşəriyyətə qarşı cinayətlər olduğunu vurğuladı.
Ermənistan müxtəlif bəhanələrlə ATƏT-in Minsk qrupu çərçivəsində münaqişənin həlli istiqamətində danışıqların aparılması qaydalarını dəfələrlə pozub, Təhlükəsizlik Şurasının, Avropa Şurası Parlament Assambleyasının, Qoşulmama Hərəkatının, İslam Əməkdaşlıq Təşkilatının və s. təşkilatların fəaliyyətinə baxmayaraq, işğal olunmuş torpaqlarımızın zəngin təbii sərvətlərinin istismarı və qeyri-qanuni təsərrüfat fəaliyyəti, qanunsuz məskunlaşma, dövlət və xüsusi mülkiyyətin talan edilməsi, tarix, mədəniyyət və dini abidələrimizin dağıdılması və ya saxtalaşdırılması, bütün bu hadisələrin davamı kimi məscidlərimizin təhqir olunması xüsusilə vurğulanıb.
Ermənistanın qeyri-insani hərəkətləri insan hüquqları və humanitar hüquq sahəsində beynəlxalq normaları, xüsusilə 1949-cu il qanununu, Cenevrə Konvensiyaları və Əlavə Protokollar üzrə öhdəliklərini kobud şəkildə pozdu.
Qeyd olunmalıdır ki, ötən ay imzalanmış Azərbaycan və Türkiyə arasında müttəfiqlik əlaqələri haqqında Şuşa Bəyannaməsi əməkdaşlıq üçün yeni imkanlara yol açıb, iki ölkənin ədliyyə akademiyaları arasında imzalanmış Anlaşma Memorandumu bu tarixə istinad edən ilk sənədlərdən biri hesab oluna bilər.
Ədliyyə Nazirliyi bir sıra nüfuzlu xarici qurumlar və digər ölkələrin məhkəmə sistemləri ilə sıx işgüzar əlaqələr qurmaqda davam edir, qabaqcıl beynəlxalq təcrübələri öyrənir, beynəlxalq müqavilələr hazırlayır, danışıqlar aparır və bütün lazımi dəstəyi göstərir.
Bu il Mərakeş, Gürcüstan, Türkiyə və Macarıstanın ədliyyə nazirləri Macarıstanda səfərdə olub, dövlətlərarası sazişlər və mühüm nazirliklərarası sənədlər imzalanıb.
Bundan əlavə, Özbəkistanın nailiyyətlərimizə göstərdiyi böyük marağı və məhkəmə sisteminin müsbət təcrübəsini nəzərə alaraq, ölkələrimizin ədliyyə nazirlikləri arasında əməkdaşlıq proqramı imzalanıb. Hazırda Avropa, Asiya və Afrikanın 33 ölkəsinin ədliyyə nazirlikləri ilə imzalanmış sənədlər əsasında səmərəli əməkdaşlıq aparılır.
Əsas diqqət əhalinin hüquqi maarifləndirilməsinə, ictimaiyyətlə əlaqələrin gücləndirilməsinə, görülən işlərdə şəffaflığın təmin edilməsinə verilir. Belə ki, nazirliyin internet saytı interaktiv rejimdə işləyir, “Qanunvericilik” jurnalı, “Ədliyyə” qəzetində və nazirliyin digər nəşrlərində mütəmadi olaraq ədliyyə sahəsinə dair məlumatlar, habelə “Məhkəmə fəaliyyəti mətbuatda” fərdi kitablar verilir.
Zəfər tariximizin ən qürurverici dövründə Azərbaycan dünyanın əsas diqqət mərkəzlərindən birinə çevrilib. Bütün dünya demək olar ki, yeni müharibə taktikalarını və 30 ildir davam edən, nə zamansa bitəcəyi təsəvvür belə edilməyən işğalın sadəcə 44 gün ərzində yekunlaşdırmasını araşdırmaqda davam edir. Bu təcrübələrdən gələcəkdə istifadə edilməsi də şübhəsiz ki, planların bir hissəsini təşkil edir.
Yenidən qovuşduğumuz torpaqlarda abadlıq işlərinin aparılması istiqamətində tam sürətlə yeni layihələr hazırlanır və tətbiq edilməsi üçün hər cür şərait yaradılır. Gələcəkdə inşa olunacaq “Ağıllı kənd” sistemləri dünyanın Azərbaycana olan marağını və diqqətini daha da cəlb edəcək.
Cənab Ali Baş Komandan İlham Əliyevin 17 illik hakimiyyəti dövründə yürütdüyü uğurlu və uzaqgörən siyasət özünü bütün sahələrdə açıq-aydın göstərir. Xüsusilə, Azərbaycanda Məhkəmə hakimiyyətinin, Azərbaycanın Ədliyyə sisteminin inkişafına yönəlmiş praktiki və nəzəri proqramlar, bununla yanaşı qəbul edilən sərəncamlar, imzalanan müqavilələr bu istiqamətdə daha da möhkəmlənməyə və hüquq sisteminin təkmilləşdirilməsinə təkan verməkdədir.
Behbudova Aynur Mirzalı qızı
Sumqayıt Şəhər Məhkəməsinin hakimi







