Yeni Azərbaycan Partiyası Yevlax rayon təşkilatı 2-ci Qarabağ müharibəsinin 1-ci ildönümü münasibətilə Yevlax rayon ümumtəhsil məktəblərində “Zəfər Salnaməsi” dərsi adlı layihəyə start verilib.
Rezonans.az xəbər verir ki, layihə ilk olaraq şəhər 1 saylı tam orta məktəbində 9-11-ci sinif şagirdlərinin iştirakı ilə baş tutdu. Layihəni giriş sözü ilə açan YAP Yevlax rayon təşkilatının Aparat rəhbəri Rafiq Əliyev möhtərəm Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 gün ərzində qüdrətli Azərbaycan Ordusunun rəşadəti nəticəsində tarixə düşən Zəfər Salnaməsindən və bununla da xalqımızın 30 illik Vətən həsrətinə son qoyulmasından danışdı.
Sonra Vətən müharibəsindən bəhs edən videoçarxa baxış keçirildi. Layihənin 1-ci günü üçün məruzəçisi YAP Yevlax rayon təşkilatının fəalı Fərid Vaqiflinin təqdimatında Azərbaycanda əsası Ulu Öndər tərəfindən qoyulan Ordu quruculuğundan və cənab Prezident İlham Əliyev tərəfindən bütün sahələr üzrə davam etdirilən uğurlu daxili və xarici siyasətin nəticəsində qazanılan uğurlar və bütün bunların bariz nümunəsi olaraq Vətən müharibəsində əldə edilən parlaq Qələbədən bəhs edən geniş məruzə təqdim edildi. Sonda “Zəfər Salnaməsi” dərsinin iştirakçları ilə intellektual oyun keçirilmiş və 1-ci yerə layiq görülən 9-cu sinif şagirdi Şirinov Pərviz YAP Yevlax rayon təşkilatının fəxri fərmanı və hədiyyəsi, 2-ci yerə layiq görülmüş 8-ci sinif şagirdi Allahverdiyeva Aysel və 3-cü yerə layiq görülmüş 7-ci sinif şagirdi Əliyeva Zərnigar YAP Yevlax rayon təşkilatının hədiyyələri ilə təltif edildi.







