Gəncədə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə keçirilən konfransda “Elin Səsi” milli-mənəvi dəyərlərimizin qorunması ictimai birliyinin sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru Elvin Talışınski də iştirak edib.
Rezonans.az xəbər verir ki, əsas məqsəd 44 günlük Vətən müharibəsi zamanı Ermənistanın Gəncə şəhərində əhalinin sıx məskunlaşdığı ərazilərə raket zərbələri endirməsinin ağır nəticələrinin birinci ildönümünə həsr olunmuş konfransın keçirilməsi və hadisə yerlərinə ziyarətlərin təşkili olub.
İnformasiya müharibəsi sahəsində ilk elmi tədqiqat aparanlardan olan Elvin müəllim xüsusilə 44 günlük müharibə zamanı Azərbaycan QHT-çilərinin vahid şəkildə Prezidentimizin ətrafında birləşərək aktiv surətdə təbliğat apardıqlarını bildirdi. O, rəhbəri olduğu təşkilatın da Ermənistanın terror hərəkətləri və hərbi cinayətlərinin ifşa olunmasında, erməniliyin əsl mahiyyətinin dünyaya çatdırılmasında fəal iştirak etdiyini, müxtəlif dillərdə beynəlxalq qurumlara müraciətlər ünvanladığını vurğuladı.
Gəncə bizim qədim şəhərlərimizdəndir, tariximizdir. Prezident Administrasiyasının Vətən müharibəsində şəhid olan soydaşlarımızın və zəfərimizin ildönümü ərəfəsində məhz Gəncəyə səfər təşkil etməsi olduqca təqdirə layiqdir. Gəncə müharibə ərəfəsində 103 şəhid vermiş, dinc əhalinin zərər gördüyü şəhərlərimizdəndir.
Səfər çərçivəsində Vətən müharibəsi zamanı Gəncənin Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə tutulması nəticəsində həlak olan mülki şəxlərin xatirəsini anmaq məqsədilə dağılan ərazilər ziyarət edildi, sonra Gəncə şəhəri Heydər Əliyev Mərkəzində 44 günlük savaş zamanı informasiya sahəsində aktiv olan QHT nümayəndəsi, ictimai fəallarla birgə konfrans keçirildi və Azərbaycanın haqq səsini dünya ictimaiyyətinə çatdırılması üçün beynəlxalq təşkilatlara müraciət ünvanlandı.
Aygün Məmmədova







