ABŞ Dövlət katibi Entoni Blinken infrastruktur və texnologiya ilə əlaqədar bəzi sahələrdə Çinin onları üstələdiyini və lazımi irəliləyişlər əldə edilməyəcəyi təqdirdə, rəqabət qabiliyyətlərinin zəifləyəcəyini söyləyib.
Blinken ABŞ -ın infrastruktur, yenilik, elm və texnologiya sahəsində daha rəqabətli və daha güclü olması lazım gəldiyini deyib.
Dövlət katibi vurğulayıb ki, Amerika xarici siyasətinin güclü elementlərindən biri ABŞ-ın öz daxilindəki infrastrukturu və texnoloji üstünlüyüdür.
“Fundamental dayanıqlılığımıza və yenilikçi gücümüzə baxmayaraq, deməliyəm ki, biz daha yaxşı işlər görə bilərik. Vaxtilə olduğumuz yerdən geri qalırıq. Rəqiblərimiz yavaş-yavaş aradakı uçurumu bağlayır. Bəzi sahələr hətta bizdən qabaqdadırlar. Bu tendensiya davam edərsə, rəqabətli dünyada daha az rəqabətqabiliyyətli olacağıq”, – Blinken qeyd edib.
O, Pekinin bir çox texnoloji sahədə sürətli addımlar atdığını söyləyib: “Məsələn, Çin hər il infrastruktura xərclədiyimizdən 3 dəfə çox maddi vəsait xərcləyir”.
ABŞ-ın hazırda dünya miqyasında infrastruktur sahəsində 13-cü yerdə olduğunu xatırladan Blinken lazımi addımlar atılmasa, qarşısındakı 12 ölkə ilə aradakı uçrumun daha da genişlənəcəyini deyib.







