“Bu gün Ermənistanın ordusu yoxdur, o, tamamilə məhv edilib”. Prezident İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı videoformatda müzakirələrində deyib.
Prezident İlham Əliyev qeyd edib ki, Ermənistanda son altı ayda siyasi böhran yaşanır, erməni cəmiyyətində böyük inamsızlıq mövcuddur, qarşılıqlı ittihamlar var: “Bəzi siyasətçilərin ritorikası isə qəbuledilməzdir”, – deyə dövlətimizin başçısı qeyd edib.
İlham Əliyev qeyd edib ki, hazırda gələcəyə baxmaq lazımdır və Azərbaycan buna hazırdır: “Gələcəyə baxış planları Cənubi Qafqazda regional əməkdaşlığın tərkib hissəsidir. Biz regionda kommunikasiyaların, nəqliyyat dəhlizlərinin açılmasını təqdir edirik”.
Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan həmin layihələrin həyata keçirilməsi üçün texniki dəstək göstərməyə və maliyyə resurslarını ayırmağa hazırdır. Prezident bildirib ki, Zəngəzur dəhlizinin açılması bütün region ölkələri üçün yeni imkanlar yaradacaq və Azərbaycan qazının Avropaya çatdırılması böyük tarixi hadisə idi.
Dövlət başçısının sözlərinə görə, Cənub Qaz Dəhlizi layihəsi bütün prizmalardan böyük çağırışlar deməkdir – istər siyasi, istər maliyyə, istərsə də texniki cəhətdən.
İlham Əliyev qeyd edib ki, Azərbaycan qazı Avropa üçün yenidir və bu, dünya ölkələri arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq deməkdir: “ABŞ Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşmasına öz töhfəsini verə bilər. ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüm zamanı onlardan yeni təkliflər gözlədiyimi bildirmişdim. Ona görə də düşünürəm ki, hazırda bu təşkilat yeni təkliflər axtarışındadır. Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması, hər iki ölkənin insanlarının yanaşı yaşaması üçün yeni təkliflər irəli sürülə bilər.”
Dövlətimizin başçısı qeyd edib ki, Azərbaycan bütün bu illər ərzində öz ərazi bütövlüyünü bərpa etməyə, işğal altındakı torpaqlarını azad etməyə və bir milyondan çox məcburi köçkünün geri qaytarılmasına çalışırdı. Bütün bunları beynəlxalq hüququn norma və prinsiplərinə əsasən həyata keçirirdi.
“Ermənistan cəmiyyəti yeni yaranmış bu reallığa uyğunlaşmalıdır. Bu ədalətin zəfər çalması idi. Təəssüflər olsun ki, bu gün Ermənistan cəmiyyətində revanşist meyllər və Azərbaycanofobiya hökm sürməkdədir. Biz gələcəyə baxmalıyıq. Biz artıq təklif etmişik, dəfələrlə demişəm ki, biz Ermənistanla sülh sazişi imzalamaq istəyirik. Lakin bütün bunlar birgə səylər tələb edir. Rusiya və ABŞ ATƏT-in Minsk Qrupunun həmsədrləri olaraq, 30 il Azərbaycan və Ermənistan arasında fəal danışıqlar prosesinin iştirakçıları olublar, lakin təəssüf ki, bu danışıqlar heç bir nəticə verməyib.
Eyni zamanda hazırda ABŞ və Rusiya arasında münasibətlərin aşkar şəkildə çox aşağı səviyyədə olduğu bir vaxtda məlum olub ki, münaqişənin həlli Rusiya və ABŞ-ın çox fəal və açıq əməkdaşlığa malik olduqları yeganə məsələ idi”, – dövlət başçısı deyib.
Prezident qeyd edib ki, Bakıda bir neçə dəfə Rusiya və NATO Baş Qərargah rəislərinin görüşləri və danışıqları keçirilib: “Başqa bir yer də seçə bilərdilər. Ancaq Bakının seçilməsi Azərbaycanın müstəqil xarici siyasətini, ölkəmizə yüksək hörmət və etimadı əks etdirir”.
Dövlət başçısı vurğulayıb ki, ABŞ və Rusiyanın Azərbaycana münasibətdə siyasəti və əksinə Azərbaycanın bu ölkələrə münasibətdə siyasəti hər zaman sabit və proqnozlaşdırıla bilən olub. İlham Əliyev əlavə edib ki, Azərbaycan bu ölkələrin hər biri ilə strateji əlaqələr qurub: “Biz Azərbaycanın ABŞ-la modern texnologiyalar sahəsində hələ də aşağı səviyyədə olan ticarəti genişləndirmək istəyirik”.
Dövlət başçısı qeyd edib ki, Azərbaycan ABŞ-ın hərbi təchizatlarına keçid də əldə etmək istəyir: “Təəssüf ki, bizim buna çıxışımız yoxdur. Bu, Ermənistanla olan münaqişə ilə bağlı idi. İndi isə konflikt bitib. İndi ABŞ-la müdafiə sahəsində əməkdaşlıq niyə də olmasın?!
ABŞ Azərbaycanın həyata keçirdiyi enerji layihələrini və digər layihələri daim dəstəkləyib. Lakin biz bu münasibətlərin daha da şaxələndirilməsini istərdik. Ticarət sahəsində daha sıx əməkdaşlıq etmək istərdik, – deyə Prezident əlavə edib.
Prezident İlham Əliyev Çin şirkətlərinin Azərbaycanın işğaldan azad olunmuş ərazilərində həyata keçirilən bərpa işlərində yaxından iştirak etdiyini deyib: “Çin şirkətləri Azərbaycanın enerji sektoruna sərmayələr qoyurlar. Çində Azərbaycanın ticarət nümayəndəliyi də fəaliyyət göstərir”, – deyə İlham Əliyev əlavə edib.
O qeyd edib ki, Azərbaycanla Çin arasında çox gözəl münasibətlər mövcuddur: “Son yarım il ərzində dəfələrlə azad edilmiş ərazilərdə olmuşam və maşınla yüzlərlə kilometr, 400-450 km gedərkən yalnız dağıdılmış kənd və şəhərləri görürsən. Oradakı kənd və şəhərlərin 95 faizi tamamilə məhv edilib. Özü də onların heç də hamısı Birinci Qarabağ müharibəsində məhv edilməyib – bu qədərini məhv etmək, sadəcə, mümkün deyil, bu, daha sonra edilib”, – deyə dövlət başçısı bildirib.
Prezident qeyd edib ki, ermənilər bu ərazilərdəki evlərdən və məktəblərdən tikinti materiallarını oğurlayıblar, onları söküblər, Azərbaycan mədəniyyətini və irsini bu ərazilərdən silməyə çalışıblar: “Erməni işğalçılarının başqa bir məqsədi də azərbaycanlıların geri qayıtmaq üçün yeri olmasın deyə hər şeyi məhv etmək idi və indi həqiqətən geri qayıtmaq üçün yer yoxdur”.
Dövlət başçısı xatırladıb ki, oktyabrda Füzuli azad edilərkən Azərbaycan bayrağını qaldırmağa yer olmayıb, çünki şəhərdə bir dənə də olsun salamat bina qalmayıb.
Eyni zamanda Azərbaycan Prezidenti azad edilmiş ərazilərdə infrastrukturun bərpası, o cümlədən onların elektrikləşdirilməsi, yol tikintisi üzrə aktiv prosesin artıq başladığını qeyd edib: “Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir. Avropa İttifaqına üzv ölkələrlə ikitərəfli formatda uğurlu əməkdaşlıq edirik.”
Avropa İttifaqının 28 ölkəsindən 9-u ilə strateji tərəfdaşlıq haqqında sənədlər imzalandığını, yaxud qəbul edildiyini diqqətə çatdıran dövlətimizin başçısı deyib ki, bu da bizim Aİ ilə yaxşı strateji tərəfdaşlığımızın olduğunu nümayiş etdirir: “Azərbaycan və Avropa İttifaqı arasında yeni ikitərəfli Saziş layihəsinin mətninin demək olar ki, 90 faizdən çox hissəsi razılaşdırılıb. Biz Cənub Qaz Dəhlizinin daha da genişləndirilməsini planlaşdırırıq. Bu da Avropanın təbii qaz təchizatının şaxələndirilməsinə töhfə verəcək. Aİ post-münaqişə dövründə regional əməkdaşlığın inkişafında mühüm rol oynaya bilər və biz daha fəal əməkdaşlıq etmək istərdik.
Biz işğalda olan torpaqlarımızı azad etdikdən sonra İranla 132 kilometrlik sərhədimizi bərpa etdik. Bu ərazilər Ermənistanın işğalı altında idi. Bu, yeni imkanlar deməkdir. Ümid edirik ki, İrandakı seçkilərdən sonra yeni hökumətlə yaxın münasibətləri davam etdirəcəyik. Bizim iqtisadi əməkdaşlığımız genişlənir, nəqliyyat layihələri geniş imkanlar açır. Düşünürəm ki, Ermənistandakı parlament seçkilərini gözləmək lazımdır. Biz başa düşürük ki, Ermənistandakı bu period həssasdır”.
İlham Əliyev bildirib ki, Ermənistan Azərbaycanla sülh razılaşmasından danışırsa, bu, onu danışan şəxsə populyarlıq qazandırmayacaq: “Ölkə lideri dövləti düşünməlidir, özünün siyasi karyerasını düşünməməlidir”, – deyə İlham Əliyev əlavə edib.
Onun sözlərinə görə, Azərbaycan Ermənistanın ərazi bütövlüyünü tanımağa hazırdır: “Eyni zamanda Ermənistan da Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır. Siz bilirsiniz ki, Dağlıq Qarabağ Azərbaycan ərazisidir. Qarabağın statusu isə müzakirə mövzusu ola bilməz”.
Dövlət başçısı qeyd edib ki, hazırda Qarabağda Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərdə 30 min erməni yaşayır: “BMT-nin islahatlara ehtiyacı olduğu sirr deyil. BMT Təhlükəsizlik Şurasının qətnamələrinin həyata keçirilməsinə dair aydın bir baxış olmalıdır.
Bu, ikili standartlara əsaslanan seçici bir yanaşma olmalı deyil. Vəziyyətimizlə bağlı Təhlükəsizlik Şurası tərəfindən 1993-cü ildə 4 qətnamə qəbul edilib. ATƏT-in Minsk Qrupunun üç həmsədri həmçinin BMT Təhlükəsizlik Şurasının daimi üzvləridir. Onlar qəbul etdikləri qətnamələrin icrası üçün hər şeyi etməli idilər. Bu qətnamələrdə açıq şəkildə deyilirdi ki, erməni qoşunları tamamilə və qeyd-şərtsiz işğal altındakı əraziləri tərk etməlidirlər. Amma bu, nəticə vermədi”, – deyə dövlət başçısı qeyd edib.
Prezident bildirib ki, BMT-də islahatlar, xüsusən də BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrası sahəsində mexanizmlərin yaradılması ilə bağlı islahatlar beynəlxalq ictimaiyyətin təşkilata olan etimad səviyyəsini yüksəldəcək: “Ermənistanın siyasi dairələrindən – nə hökumətdən, nə də müxalifətdən heç bir müsbət açıqlama görmürük.
Azərbaycanlıların hisslərini təhqir etmək, bizi şeytan kimi qələmə vermək adi hala çevrilib. İyunda keçiriləcək seçkilərdən (Ermənistanda – red.) sonra nə olacağını, hansı ideologiyanın üstün gələcəyini bilmirik. Bununla belə, Azərbaycanofobiya, nifrət və genişlənmə ideologiyası onların öz cəmiyyətlərinin dağılmasına gətirib çıxarıb. İndi sahib olduqları üçün də yalnız özlərini və liderlərini günahlandırmalıdırlar. Biz ümid edirik ki, UNESCO missiyası gələn ay Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə gələcək”.
İlham Əliyev deyib ki, Azərbaycan UNESCO-nu uzun illərdir işğal olunmuş ərazilərə səfərə dəvət edib: “Ancaq biz cavab almışıq ki, UNESCO siyasi münaqişələrə qarışmır. Beləliklə, işğal müddətində Qarabağda UNESCO-nun missiyası olmayıb. Ancaq İkinci Qarabağ müharibəsi bitən kimi UNESCO-dan bu ərazilərə ziyarət üçün müraciətlər almağa başladıq. Bu dəyişikliyin baş verməsinə sevindim. İndi onların gəlməsi üçün UNESCO ilə logistik məsələlər üzrə danışıqların son mərhələsindəyik”, – deyə Prezident əlavə edib.
Dövlət başçısı daha sonra bildirib: “Biz istəyirik ki, onlar ermənilərin mədəni irsimizə nə etdiklərini görsünlər”