Xarkov şəhərində abadlaşdırılan “Filosoflar meydanı”nda Azərbaycan, Qazaxıstan və Ukraynanın tanınmış filosoflarına həsr olunmuş abidə-kompozisiyanın təqdimatı keçirilib.
PLATFORM4.NEWS AZƏRTAC – a istinadən xəbər verir ki, abidə Ukraynanın Xalq rəssamı, azərbaycanlı heykəltəraş Seyfəddin Qurbanov tərəfindən hazırlanıb. Qazaxıstanın Xarkovdakı fəxri konsulu, azərbaycanlı Emin Nəcəflinin maliyyə dəstəyi ilə gerçəkləşən kompozisiya azərbaycanlı maarifçi və ictimai xadim, dramaturq Mirzə Fətəli Axundzadəyə, qazax filosofu Abay Kunanbayeva və ukraynalı filosof Qriqori Skovoroda həsr olunub.
Abidənin təqdimatında Qazaxıstanın Ukraynadakı səfiri Darxan Kaletaev, Xarkov merini əvəz edən İqor Terexov, Qazaxıstanın Xarkovdakı fəxri konsulu Emin Nəcəfli, Xarkov Diplomatik Klubunun fəxri prezidenti Sergey Çernov və yerli KİV nümayəndələri iştirak ediblər. Təqdimat zamanı abidənin layihəsinə baxış keçirilib, təkliflər səsləndirilib. Kompozisiyanın yerləşəcəyi “Filosoflar meydanı”nda hazırda Qazaxıstanın Xarkovdakı Fəxri Konsulluğunun maliyyə dəstəyi ilə abadlaşdırma işləri aparılır.
Səfir Darxan Kaletaev bildirib ki, hər üç mütəfəkkirin obrazı milli çalarda, gələcək nəsillərə ötürüləcək düşüncə ilə çatdırılıb.
“Fəxri konsulumuzun abidəni ucaltmaq təklifinin şəhər rəhbərliyi tərəfindən müsbət qarşılanmasından çox məmnunam. Üstəlik, bu fərdi bir qəhrəmana deyil, üç böyük mütəfəkkirə həsr olunmuş abidədir. Abidə Qazaxıstan, Azərbaycan və Ukrayna arasında körpü rolunu oynayacaq”, – deyə səfir bildirib.
Xarkov merini əvəz edən İqor Terexov isə qeyd edib ki, belə bir abidənin qoyulması şəhərin gözəlliyinə töhfə verəcək, turistlər üçün cəlbedici məkan olacaq.
Emil Hüseynli