Beynəlxalq Qarabağ Forumu (BQF) Koordinasiya Şurasının onlayn formatda iclası keçirilib. İclasa Forumun İsveçdən olan Koordinatoru, regional parlamentin deputatı İradə Əliyeva-Söderberq moderatorluq edib. Əvvəlcə təşkilati məsələlərə baxılıb, Ankara Onkoloji xəstəxanasının həkimi, tibb elmləri doktoru, professor Necati Alkış Foruma üzv seçilib. Həmçinin müxtəlif ölkələrdə Forumun təmsilçiliyin təkmilləşdirilməsi və genişləndirilməsi, yerli qurumlarla əlaqələrin səmərəliliyin artırılması, tədbirlərin keyfiyyətinin yüksəldilməsi və digər təşkilati məsələlər müzakirə olunub.
Forumun Türkiyədən olan Koordinatoru, Ərzurum Universitetinin professoru, iqtisadiyyat elmləri doktoru Kərəm Karabulut tərəfindən hazırlanan “Qarabağın bərpa və yenidən qurulmasında gənclərin rolu” adlı proqram sənədi müzakirə olunub, qəbul edilib, Türkiyə və Azərbaycan prezidentlərinə göndərilməsi qərara alınıb. Sənəddə sənaye çevrilişlərinin tarixi, 2010-cu ildən başlayan 4-cü mərhələnin xüsusiyyətləri, Azərbaycan və Türkiyə gənclərinin əlaqəli fəaliyyəti, iki qardaş ölkənin Universitetlərində “Qarabağ gerçəkləri və sözdə “erməni soyqırımı” iddialarının ifşası klubları”nın yaradılması, iki qardaş ölkənin Ortaq Universitetinin yaradılması və digər təkliflər yer alıb.
Sonra Koordinasiya Şurasının üzvləri son iclasdan ötən bir ay ərzində Türkiyə, Rusiya, Azərbaycan, İsveç, Ukraynada görülən işlər, həyata keçirilən tədbirlərlə bağlı məlumat veriblər. Fikir mübadiləsinin gedişində “Qarabağ məsələsinin tam və qəti həllinə Rusiyadan baxış” adlı konfransın, Beynəlxalq Qarabağ Forumunun növbəti, 9-cu toplantısının bu ilin avqust ayına qədər əyani qaydada Azərbaycan və ya Türkiyədə keçirilməsi qərara alınıb. Xatırladaq ki, Forumun ilk 6 toplantısının üçü Azərbaycanda, ikisi Türkiyədə, biri İranda, son iki toplantısı isə pandemiya məhdudiyyətlərinə görə onlayn formatda keçirilib. İclasda həmçinin Qarabağda son vəziyyət ətrafında müzakirələr keçirilib, uyğun qərarlar qəbul olunub.
İclasın işində və müzakirələrdə Akif Nağı (Azərbaycan), İradə Əliyeva-Söderberq (İsveç), Kərəm Karabulut (Türkiyə), Elşən İbrahimov (Rusiya), Fərhad Turanlı (Ukrayna), Gürsoy Solmaz (Türkiyə), Sözer Akyıldırım (Türkiyə), Kənan Hacıəkbəroğlu (İsveç), Necati Alkış (Türkiyə), Mehriban Abdullayeva (Azərbaycan), Cəfər Dal (Türkiyə), Burzu Qılıncxanov (Azərbaycan) iştirak ediblər.
QAT Mətbuat Xidməti.